2012-11-12 Müstəqil Azərbaycanın Konstitusiyası çox dinamik, ölkəmizin inkişaf strategiyasını müəyyən edən əsas sənəddir

News

2012 Nov

Azərbaycan xalqı müstəqillik tariximizin ən əlamətdar bayramlarından biri olan Konstitusiya Gününü hər il təntənə ilə qeyd edir. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz Əsas Qanununu - milli Konstitusiyasını qəbul etmişdir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirir. Müstəqil Azərbaycanın Konstitusiyası çox dinamik, ölkəmizin inkişaf strategiyasını müəyyən edən əsas sənəddir.

Bu fikirlər noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Konstitusiya Günü münasibətilə keçirilmiş tədbirdə səslənmişdir. 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək, tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik etmiş, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan Konstitusiyanın qəbulunun tarixindən danışmışdır.

Fərhad Abdullayev demişdir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, ümummilli liderin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Ulu öndər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, Əsas Qanunumuzun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunması üçün çox gərgin əmək sərf etmişdir.

Konstitusiyamızda müstəqil Azərbaycanın inkişafının əsas prinsipləri, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətləri, vətəndaşların fundamental hüquq və vəzifələri müəyyən edilmişdir. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bir çox sahələrdə, xüsusən də hüquqi dövlət quruculuğu və insan haqlarının təmini istiqamətində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Hakimiyyət bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparılmış, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradılmışdır.

Müstəqil Azərbaycanın Konstitusiyası ölkəmizin inkişaf strategiyasını müəyyən edən çox dinamik sənəddir.

Natiq vurğulamışdır ki, dövlətin Əsas Qanununun qəbulundan ötən 17 il Azərbaycanın yeni tarixində xüsusi yer tutur. Həmin müddətdə ölkə dünyəvi, sivil, demokratik və hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatın və sosial-siyasi həyatın inkişafında taleyüklü dəyişikliklərə nail olmuşdur. Konstitusiyanın qəbulu müasir, dünyəvi və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət sisteminin formalaşmasında və möhkəm hüquqi bazanın yaradılması sahəsində mühüm addım olmuşdur. Əsas Qanun dövlətimizin, onun ərazi bütövlüyünün və cəmiyyətin hüquqi baxımdan legitimləşdirilməsini təmin etmişdir. Konstitusiyada təsbit olunmuş hüquqi baza isə Azərbaycanın siyasi, sosial və iqtisadi inkişafının sabitliyinə və dinamikliyinə imkan yaratmışdır.

F.Abdullayev bildirmişdir ki, ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan bu gün regionda lider dövlətə çevrilmiş, dünyada layiqli yerini tutmuşdur. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Azərbaycanın Avropa Şurasına tam hüquqlu, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə xüsusi diqqətinin bariz nümunəsidir.

Konstitusiya Məhkəməsinin sədri əminliklə söyləmişdir ki, Prezident İlham Əliyevin gərgin əməyi və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək və dünyada mövqelərini daha da möhkəmlədəcəkdir. 

Rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edən F.Abdullayev  bildirmişdir ki, 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmış, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanmışdır.

Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insanların əsas hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi istiqamətində qarşıya qoyduğu öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.