2012-09-03 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən konstitusiya qanunçuluğunun təmin edilməsinə dair məruzə maraqla qarşılanmışdır

News

2012 Sep

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri İqor Roqovun dəvəti ilə avqustun 28-dən sentyabrın 2-dək bu ölkədə səfərdə olmuşdur. 

Azərbaycan nümayəndə heyəti Konstitusiya Gününə həsr edilmiş “Konstitusiya dövlətin və cəmiyyətin sosial müasirləşdirilməsinin əsasıdır” mövzusunda Astana şəhərində keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir.

Konfransın açılışında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev giriş nitqi ilə çıxış etmişdir. 

Tədbirin praktiki hissəsində dünyada konstitusiya ədalət mühakiməsinin müasir meyilləri, beynəlxalq məhkəmələrlə konstitusiya nəzarəti orqanları arasında əlaqələr, vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ və digər məhkəmə-hüquq məsələləri ətraflı müzakirə olunmuşdur.

Daha sonra beynəlxalq konfrans öz işini Almatı şəhərində davam etdirmişdir. Tədbirdə Fərhad Abdullayev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən konstitusiya qanunçuluğunun təmin edilməsinə dair məruzə ilə çıxış etmişdir.

Konfransda bir çox Avropa və Asiya ölkələrinin konstitusiya nəzarəti orqanlarının sədrləri və hakimləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio iştirak etmişlər.

Səfər çərçivəsində keçirilmiş görüşlərdə və digər tədbirlərdə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov iştirak etmişdir.