2012-02-24 Konstitusiya Məhkəməsində Xocalı soyqırımın 20-ci ildönümü ilə bağlı anma mərasim keçirilmişdir

News

2012 Feb

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək Azərbaycanın ən yaxın tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışmışdır. Vurğulanmışdır ki, erməni hərbçilərinin Xocalıda törətdikləri vəhşiliklər və qanlı qırğın beynəlxalq konvensiyalarda qəbul olunmuş soyqırımı cinayətlərinə tam uyğundur. Bir gecədə Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilmiş, 1275 dinc sakin girov götürülmüş, 155 nəfər itkin düşmüşdür.
Konstitusiya Məhkəməsinin sədri qeyd etmişdir ki, bu dəhşətli soyqırımına hüquqi-siyasi qiymət yalnız Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir. Belə ki, 1994-cü ildə Milli Məclisdə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmiş, 26 fevral “Xocalı soyqırımı günü” elan edilmişdir. Bildirilmişdir ki, ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin, yaxınlarının sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Məhz bu addımların sayəsində son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli iş aparılır. Təsadüfi deyildir ki, bu il Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı dünyanın 60-dan çox ölkəsində anma mərasimləri keçirilir.
Sonda Fərhad Abdullayev bu istiqamətdə görülən işlərdə Konstitusiya Məhkəməsinin də üzərində düşən vəzifələrdən danışaraq bildirmişdir ki, hər birimiz Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizi artırmalıyıq.