25.11.2026
Noyabrın 25-də Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin 10 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə bir sıra birinci
instansiya məhkəmələrinə təyin olunmuş hakimlərlə görüş keçirilib.
Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara uğurlar
arzulayıb, hakimlik fəaliyyətinin yalnız hüquq normalarının tətbiqi ilə məhdudlaşmadığını,
eyni zamanda insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi müəyyənliyin
qorunması və cəmiyyətin məhkəmə hakimiyyətinə etimadının möhkəmləndirilməsi
baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Sədr hakimlik fəaliyyətinin
yüksək hüquqi bilik və peşəkarlıqla yanaşı dərin məsuliyyət, prinsipiallıq,
dürüstlük, qərəzsizlik və mənəvi bütövlük tələb edən şərəfli missiya olduğunu
qeyd edib.
Fərhad Abdullayev çıxışında Ulu Öndər Heydər
Əliyevin müasir Azərbaycan dövlətinin qurulması, demokratik və hüquqi dövlətçilik
ənənələrinin formalaşdırılması istiqamətində həyata keçirdiyi tarixi xidmətlərinə
toxunub, həmçinin diqqətə çatdırıb ki, Ümummilli Liderin rəhbərliyi ilə
hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş
Konstitusiya dövlətimizin hüquqi, siyasi və institusional inkişafının əsasını təşkil
edərək, ölkədə demokratik idarəçilik və qanunun aliliyi prinsiplərinin bərqərar
olmasına mühüm zəmin yaradıb.
Məhkəmə-hüquq sistemində aparılan genişmiqyaslı
islahatların əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev vurğulayıb ki, möhtərəm
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhkəmə
sisteminin institusional inkişafına, fəaliyyətinin müasir tələblərə
uyğunlaşdırılmasına, məhkəmə xidmətlərinin əlçatanlığının artırılmasına, hakim
korpusunun peşəkarlaşdırılmasına və vətəndaşların hüquqlarının daha səmərəli
müdafiəsinə xidmət edir. Bu islahatlar məhkəmə sistemində keyfiyyətcə yeni mərhələnin
formalaşmasına, ədalət mühakiməsinin çevik, şəffaf və səmərəli həyata keçirilməsinə
geniş imkanlar açır.
Sədr diqqətə çatdırıb ki, hər bir hakim qərar qəbul
edərkən Konstitusiyanın və qanunların tələblərini, qanunun aliliyini, hakimin
müstəqilliyini, obyektivliyini, qərəzsizliyini və vicdanlı yanaşmanı rəhbər
prinsiplər kimi əsas götürməli, bu baxımdan hakimlərin yüksək peşə etikası, məsuliyyət
hissi, hüquqi düşüncəsi və vətəndaşlara qarşı həssas münasibəti onların fəaliyyətinin
ayrılmaz tərkib hissəsi olmalıdır.
Görüş çərçivəsində Konstitusiya Məhkəməsinin fəaliyyəti,
konstitusiya icraatının xüsusiyyətləri, Plenum tərəfindən qəbul edilmiş qərarlarda
formalaşdırılmış hüquqi mövqelər və onların hüquq tətbiqetmə təcrübəsində əhəmiyyəti,
qərarların hüquq sistemindəki yeri, konstitusion prinsiplərin tətbiqində və
hüquqi yanaşmaların formalaşmasında rolu barədə ətraflı məlumat verilib.
Sonda görüş iştirakçıları Konstitusiya Məhkəməsinin binası ilə tanış olub, xatirə fotosu çəkdiriblər.
