18.11.2026
Konstitusiya Məhkəməsi ilə Prezident yanında Dövlət
İdarəçilik Akademiyası arasında əməkdaşlıq çərçivəsində məhkəmənin əməkdaşları
üçün təşkil olunan “Dövlət idarəçiliyində rəqəmsal transformasiya” mövzusunda təlim
proqramı davam edir.
Noyabrın 17-də proqram çərçivəsində növbəti təlim
“Dövlət idarəçiliyində data analitikanın rolu” mövzusuna həsr olunub. Təlimi
Dövlət İdarəçilik Akademiyasının İntellektual sistemlərin idarə olunması
kafedrasının müəllimi, dosent, mexanika üzrə fəlsəfə doktoru Gülnar Mirzəyeva
aparıb.
Təlim zamanı dövlət idarəçiliyində məlumatların
toplanması, emalı və təhlilinin əhəmiyyəti, data analitika vasitələrinin idarəetmə
qərarlarının qəbulunda rolu, eləcə də məlumatlara əsaslanan idarəetmə
yanaşmalarının tətbiqi imkanları barədə ətraflı məlumat verilib.
Mövzu çərçivəsində böyük həcmli məlumatların təhlili,
onların əsasında tendensiyaların və qanunauyğunluqların müəyyənləşdirilməsi,
analitik nəticələrdən idarəetmə proseslərinin səmərəliliyinin artırılması məqsədilə
istifadə olunması məsələlərinə toxunulub. Həmçinin müasir analitik alətlərin
dövlət orqanlarının fəaliyyətində tətbiqi, məlumatların düzgün interpretasiyası
və data əsaslı qərarvermənin üstünlükləri diqqətə çatdırılıb.
Təlim interaktiv müzakirələrlə davam edib,
iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir
mübadiləsi aparılıb.
Qeyd edək ki, noyabrın 3-dən dekabrın 8-dək davam edəcək təlim proqramı Konstitusiya Məhkəməsinin əməkdaşlarının rəqəmsal bilik və bacarıqlarının artırılması, müasir informasiya texnologiyalarından səmərəli istifadə imkanlarının genişləndirilməsi, habelə süni intellekt, məlumatların idarəolunması və kibertəhlükəsizlik sahələrində biliklərinin inkişaf etdirilməsi məqsədi daşıyır.
