03.11.2026
Noyabrın
3-də Konstitusiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq çərçivəsində məhkəmənin əməkdaşları
üçün nəzərdə tutulmuş “Dövlət idarəçiliyində rəqəmsal transformasiya”
mövzusunda təlim proqramının başlanması ilə əlaqədar tədbir keçirilib.
Tədbirin
açılışında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək tədbir
iştirakçılarını 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının
Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Sədr bu əlamətdar günlərin
xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və dövlətçilik əzminin təcəssümü
olduğunu vurğulayaraq, Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident
İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin
ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələndiyini,
xalqımızın milli birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyini
qeyd edib, bu möhtəşəm Qələbənin gələcək nəsillər üçün qürur və iftixar mənbəyi
olduğunu bildirib.
Həmçinin
Dövlət Bayrağı Gününün əhəmiyyətini qeyd edən Fərhad Abdullayev üçrəngli
bayrağımızın müstəqilliyimizin, milli kimliyimizin, azadlıq və suverenliyimizin
rəmzi kimi Vətənimizin hər bir guşəsində qürurla dalğalanmasının xalqımızın
tarixi qələbəsinin və əbədi dövlətçilik iradəsinin təcəssümü olduğunu nəzərə
çatdırıb.
Daha
sonra sədr rəqəmsal texnologiyaların sürətli inkişafının dövlət idarəçiliyində
yaratdığı yeni imkanlar, idarəetmə proseslərinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin
əhəmiyyəti, eləcə də dövlət qulluqçularının rəqəmsal bilik və bacarıqlarının artırılmasının
aktuallığı ilə bağlı fikirlər səsləndirib. Habelə, süni intellekt
texnologiyalarının dövlət orqanlarının fəaliyyətində tətbiqinin perspektivləri,
bu sahədə mövcud imkanlar və çağırışlar barədə fikirlərini bölüşüb.
Dövlət İdarəçilik Akademiyasının rektoru,
akademik Urxan Ələkbərov Konstitusiya Məhkəməsinin rəhbərliyinə və kollektivinə
təşəkkürünü bildirərək, hər iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini
vurğulayıb. Rektor öz növbəsində tədbir iştirakçılarını əlamətdar günlər
münasibətilə təbrik edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının yaddaşında əbədi
yaşayacağını, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının milli
tariximizin ən mühüm hadisələrindən biri kimi daim ehtiramla xatırlanacağını
vurğulayıb, üçrəngli Dövlət Bayrağımızın xalqımızın azadlıq, müstəqillik və
milli həmrəylik ideallarını özündə ehtiva etdiyini bildirib.
Daha
sonra akademik Urxan Ələkbərov “Müasir dövlət idarəçiliyində süni intellekt və
rəqəmsallaşma” mövzusunda geniş mühazirə ilə çıxış edib. Mühazirədə süni
intellekt və rəqəmsal texnologiyaların dövlət idarəçiliyində tətbiqi, idarəetmənin
səmərəliliyinin artırılmasında rolu, habelə müasir texnoloji həllərin dövlət
qurumlarının fəaliyyətinə inteqrasiyası ilə bağlı məsələlərə toxunulub.
Noyabrın 3-dən dekabrın 8-dək Konstitusiya Məhkəməsində keçiriləcək təlim proqramı əməkdaşların rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir informasiya texnologiyalarından səmərəli istifadə imkanlarının genişləndirilməsi, eləcə də süni intellekt, məlumatların idarə olunması və kibertəhlükəsizlik sahələrində biliklərinin artırılması məqsədilə təşkil olunub. Proqram çərçivəsində rəqəmsal transformasiya, proaktiv idarəetmə, data analitikası, süni intellekt metodları, dövlət informasiya sistemləri və rəqəmsal infrastrukturun təhlükəsizliyi kimi aktual mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur.
