22.07.2026
İyulun 21-də Konstitusiya Məhkəməsində Pakistanın
hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin başçılıq etdiyi nümayəndə heyəti
ilə görüş keçirilib.
Qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev Azərbaycanla Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq
münasibətlərinin və sarsılmaz dostluq əlaqələrinin qarşılıqlı etimada əsaslandığını
vurğulayıb. Bildirilib ki, Pakistan müstəqilliyimizi tanıyan ilk dövlətlərdən
biri olub və hər iki ölkə beynəlxalq təsisatlarda bütün məsələlərdə bir-birini
dəstəkləyir.
Sədr qeyd edib ki, Azərbaycan Prezidenti cənab
İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında mövcud olan
bütün sahələrdə qarşılıqlı anlaşma strateji müttəfiqliyin inkişafı, ikitərəfli əməkdaşlığın
daha da genişlənməsi və əlaqələrin yeni məzmunla zənginləşdirilməsi üçün möhkəm
zəmin yaradır.
Daha sonra Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin
fəaliyyət istiqamətləri, qərar qəbuletmə proseduru, konstitusiya ədalət mühakiməsinin
həyata keçirilməsi mexanizmi, insan hüquq və azadlıqlarının müdafiəsində məhkəmənin
rolu, habelə hüquqi dövlət quruculuğu və Konstitusiyanın aliliyinin təmin
olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Müasir dövrdə
konstitusiya məhkəmələri arasında peşəkar dialoqun, qarşılıqlı təcrübə mübadiləsinin
və hüquqi əməkdaşlığın genişləndirilməsinin konstitusiya ədalət mühakiməsinin səmərəliliyinin
artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri Aqil
Malik səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkələrimiz
arasında mövcud olan dostluq münasibətlərinin hər iki xalq üçün önəmli
olduğunu, hüquq-məhkəmə sahəsində əlaqələrin daha da genişləndirilməsinin
vacibliyini qeyd edib. Nazir respublikamızda hüquq sahəsində həyata keçirilən
islahatlar nəticəsində əldə edilən nailiyyətləri yüksək qiymətləndirərək,
Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə
edib. Qarşılıqlı görüşlərin hər iki ölkə arasında mövcud olan sarsılmaz sıx
münasibətlərin daha da möhkəmlənməsinə, hüquq və məhkəmə sahəsində əməkdaşlığın
genişlənməsinə, eləcə də konstitusiya nəzarətinin inkişafı istiqamətində
qabaqcıl təcrübə mübadiləsinin davam etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini
nəzərə çatdırıb.
Görüşdə məhkəmə təcrübəsində müasir hüquqi
yanaşmalar, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması, rəqəmsallaşmanın
və süni intellektin məhkəmə sisteminə tətbiqi, eləcə də beynəlxalq hüquqi əməkdaşlığın
perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.