14.07.2026
14 iyul - Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü münasibətilə sədr Fərhad Abdullayev, hakimlər və Aparatın məsul əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.
Ulu Öndər Heydər Əliyevin
ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək, məzarı önünə tər çiçəklər düzülüb.
Daha sonra Konstitusiya Məhkəməsində
keçirilən tədbirdə sədr Fərhad Abdullayev çıxış edərək, Məhkəmənin ötən dövr ərzində keçdiyi inkişaf yolundan, ölkəmizdə
konstitusiya ədalət mühakiməsinin formalaşdırılması və təkmilləşdirilməsi
istiqamətində görülən işlərdən bəhs edib. Sədr Konstitusiya Məhkəməsinin
Konstitusiyanın aliliyinin təmin olunması, insan və vətəndaş hüquq və
azadlıqlarının etibarlı müdafiəsi, hüququn aliliyinin möhkəmləndirilməsi və
konstitusiya nəzarətinin həyata keçirilməsi sahəsində önəmini qeyd edib.
Çıxışda vurğulanıb ki,
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən
ardıcıl hüquqi islahatlar məhkəmə-hüquq sisteminin müasir çağırışlara uyğun
inkişafına, hüquqi dövlət quruculuğunun daha da möhkəmləndirilməsinə və
konstitusiya ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına mühüm töhfə
verir.
Tədbirdə Konstitusiya Məhkəməsinin
beynəlxalq əlaqələrinin inkişafı, müxtəlif ölkələrin konstitusiya məhkəmələri və
nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı, eləcə də konstitusiya
hüququ sahəsində qabaqcıl təcrübənin öyrənilməsi istiqamətində görülən işlərdən
də bəhs olunub.
Daha sonra Prezident İlham
Əliyevin müvafiq Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə
ixtisas dərəcələri verilmiş Konstitusiya Məhkəməsi Aparatının məsul əməkdaşlarına
müvafiq vəsiqələr təqdim edilib.
Sədr Fərhad Abdullayev
Konstitusiya Məhkəməsinin əməkdaşlarının əməyinə verilən yüksək qiymətə görə
möhtərəm Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edərək, bu
ali etimadın onların bundan sonrakı fəaliyyətində dövlətçiliyimizin daha da
möhkəmləndirilməsi naminə böyük məsuliyyət və fədakarlıqla çalışmaları üçün
mühüm stimul olduğunu bildirib.
Tədbirin sonunda “Süni intellekt əsaslı rəqəmsal Konstitusiya Məhkəməsi sistemi” adlı təqdimat keçirilib. Təqdimatda süni intellekt texnologiyalarının Konstitusiya Məhkəməsinin iş prosesində tətbiqi imkanları, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, məlumatlara operativ çıxışın təmin edilməsi, məhkəmə təcrübəsinin sistemləşdirilməsi və konstitusiya ədalət mühakiməsi sahəsində proseslərin sürətləndirilməsi barədə ətraflı məlumat verilib. Sistemin əsas funksiyaları nümayiş etdirilərək, rəqəmsal texnologiyaların və süni intellekt həllərinin gələcəkdə Konstitusiya Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılmasında, qərarların təhlili və hüquqi araşdırmaların daha çevik aparılmasında mühüm rol oynayacağı vurğulanıb.
