08.06.2026
İyunun 8-də Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev Vyetnamın Baş prokuroru Nquyen Tiyenin başçılıq etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri
Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini
vurğulayaraq, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini
qeyd edib, dövlətlərarası münasibətlərin inkişafında hüquqi əməkdaşlığın və
qarşılıqlı təcrübə mübadiləsinin xüsusi rol oynadığını bildirib.
Görüş zamanı ölkəmizdə hüququn aliliyinin təmin
olunması, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən
islahatlar, konstitusiya nəzarətinin həyata keçirilməsi mexanizmləri barədə geniş
məlumat verən sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətlərindən,
həmçinin qərar qəbuletmə prosedurundan və bu sahədə görülən işlərdən ətraflı bəhs
edib.
Baş prokuror Nquyen Tiyen səmimi qəbula görə təşəkkürünü
bildirərək, Azərbaycan ilə Vyetnam arasında əlaqələrin inkişafından məmnunluğunu
ifadə edib, məhkəmə və prokurorluq sahələrində münasibətlərin genişləndirilməsinin
qarşılıqlı maraqlara uyğunluğunu vurğulayaraq, gələcəkdə təcrübə mübadiləsinin
və birgə təşəbbüslərin hər iki ölkənin hüquq sahəsi üçün faydalı olacağını diqqətə
çatdırıb.
Eyni zamanda, tərəflər arasında konstitusiya ədalət
mühakiməsinin inkişafı, məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlıq və digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.
