03.06.2026
İyunun 3-də Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev ölkəmizdə səfərdə olan Keniya Respublikası Ali Məhkəməsinin sədri
Marta Koomenin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Qonaqları salamlayan sədr Fərhad Abdullayev Azərbaycan
və Keniya arasında əlaqələrin son illər dinamik şəkildə inkişafının məmnunluq
doğurduğunu, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrimizin
möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Sədr may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Keniya Respublikasının
Prezidenti Uillyam Samoei Ruto ilə görüşünün ölkələrimiz arasında bir
sıra sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı etimadın göstəricisi
olduğunu xüsusilə vurğulayıb.
Daha sonra sədr Konstitusiya Məhkəməsinin fəaliyyəti
və qərar qəbul etmə proseduru, həmçinin Məhkəmənin bir sıra hüquqi mövqeləri
barədə ətraflı məlumat verib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Marta
Koome qeyd edib ki, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin
aparılmasında, xüsusilə Azərbaycanın məhkəmə proseslərinin rəqəmsallaşdırılması
prosesi ilə tanışlıq maraqlıdır. O, Keniya Ali Məhkəməsinin fəaliyyəti barədə məlumat
verərək, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün birgə
təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Xanım sədr başçılıq etdiyi nümayəndə heyəti
ilə birlikdə ölkəmizə səfəri çərçivəsində Qarabağ bölgəsində həyata keçirilən
yenidənqurma və inkişaf layihələri ilə tanış olduğunu, işğaldan azad edilmiş ərazilərdə
aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini, bölgənin sosial-iqtisadi
inkişafını və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində görülən tədbirləri
yüksək qiymətləndirdiyini nəzərə çatdırıb.
Görüş zamanı tərəflər məhkəmə-hüquq sahəsində ikitərəfli
əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, həmçinin maraq doğuran digər
məsələlər barədə fikir mübadiləsi aparıblar.
Görüşdə ölkəmizin Keniyadakı fövqəladə və səlahiyyətli
səfiri Sultan Hacıyev də iştirak edib.
