13.05.2026
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Azərbaycan Respublikası
Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının
125-ci maddəsinin VII hissəsi baxımından İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və
139-cu maddələrinin Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri
ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər Azərbaycan
Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini,
Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri
Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ
kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki,
Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında və bu Qərarında
formalaşdırdığı hüquqi mövqelərə əsasən inzibati xəta haqqında iş üzrə qanuni
qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı, barəsində qərar çıxarılan
şəxslərin dairəsi ilə məhdudlaşır.
Azərbaycan Respublikası
Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin və Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri:
- Səlahiyyətli orqanlar tərəfindən
vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən
sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta
haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında
qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsini;
- Eyni inzibati xəta hadisəsi
ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar
tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli
orqana (vəzifəli şəxs barəsində) göndərilməsini istisna edir.
İnzibati Xətalar Məcəlləsinin
18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi
ilə bağlı hüquqi şəxslə yanaşı, onun xeyrinə və ya onun maraqlarının qorunması
üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta
tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində
eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə
icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə
göndərilə bilər.
Belə hallarda inzibati xəta
haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət
prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi
ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə
bir icraat daxilində baxılmalıdır.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.
