Konstitusiya Məhkəməsinin hakimi Türkistan şəhərində Beynəlxalq Simpoziumda iştirak edib

News

2025 Dec

08.12.2025

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev 4-5 dekabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin birgə təşkil etdiyi “Böyük Çöl fəlsəfəsi və hüquq mədəniyyəti” mövzusunda keçirilən Beynəlxalq Simpoziumda iştirak etmək üçün Qazaxıstan Respublikasının Türkistan şəhərində səfərdə olmuşdur.

“Fəlsəfə, Ədalət və Humanistlik: Türk Sivilizasiyasının Yeni Dövrə Varisliyi” mövzusunda keçirilən Plenar İclasda Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova və Qazaxıstan Respublikasının Parlamenti Senatının deputatı Qıdıralı Darxan açılış nitqləri ilə çıxış etmişlər.

Tədbirdə Böyük Çölün hüquqi ənənələrində türk dövlətlərinin konstitusiya quruluşunun əsasını təşkil edən prinsiplər, insanın dəyərinin tanınması, cəzanın mütənasibliyi, mübahisələrin sülh yolu ilə həllinə üstünlük verilməsi kimi mövzularda konstitusiya məhkəmələrinin təcrübəsi üzrə məruzələr dinlənilmiş və geniş fikir mübadiləsi aparılmışdır.

Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev tədbirdə qısa məruzə ilə çıxış etmişdir.

Səfər zamanı Simpozium iştirakçıları Xoca Əhməd Yəsəvi türbəsini ziyarət etmiş, mədəni proqram çərçivəsində Türkistan Musiqili-Dram Teatrında Abay Kunanbayevin “Qara sözlər” musiqili tamaşasını izləmişlər.