Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Balkan Konstitusiya Məhkəmələrinin Forumunda iştirak edib

News

2025 Nov

18.11.2025

13-16 noyabr tarixlərində Konstitusiya Məhkəməsinin hakimləri Rəşid Rzayev, Humay Əfəndiyeva, Aparatın Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Səbinə Mirzəyeva Balkan Konstitusiya Məhkəmələrinin Forumunun 3-cü iclasında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər ediblər.

Balkan Konstitusiya Məhkəmələrinin Forumunun 3-cü iclası çərçivəsində “İnsan hüquqlarının standartlaşması və konstitusiya ədalət mühakiməsinin rolu” mövzusunda beynəlxalq simpozium keçirilib.

Bir sıra xarici dövlətlərin konstitusiya ədalət mühakiməsi orqanlarının sədr, hakim və məsul əməkdaşlarının iştirakı ilə keçirilən  simpoziumda  insan hüquqlarının standartlaşması və konstitusiya ədalət mühakiməsinin rolu ilə bağlı konstitusiya məhkəmələrinin təcrübəsi üzrə məruzələr dinlənilmiş, hüquqi müstəvidə geniş fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Türkiyə Cümhuriyyəti Anayasa Məhkəməsi arasında qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunulmuşdur.