12.11.2025
Hörmətli konfrans
iştirakçıları,
Sizi Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş “Konstitusiya
və qanunun aliliyi müasir hüquqi sistemlərdə” mövzusunda beynəlxalq konfransda
səmimi-qəlbdən salamlayıram.
Düz 30 il əvvəl bu gün –
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinin
davamı olaraq, ümumxalq səsverməsi – referendum yolu ilə suveren Azərbaycan
Respublikasının ilk Konstitusiyasını qəbul etmişdir. Müstəqilliyinin yeni
qazanıldığı, ərazilərinin hərbi təcavüzə məruz qaldığı, daxili gərginliyin hökm
sürdüyü bir şəraitdə bu ali hüquqi sənədin qəbulu ölkə tarixi üçün çox mühüm
ictimai-siyasi hadisə olmaqla, Azərbaycanın dövlət quruculuğunda yeni bir səhifənin
başlanğıcını qoymuşdur.
Layihəsi Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərlik etdiyi komissiya tərəfindən
hazırlanmış, ümumbəşəri dəyərlərə, dünyanın qabaqcıl demokratik dövlətlərinin
konstitusion təcrübəsinə əsaslanan Konstitusiya müasir, demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin bərqərar olmasının və
demokratik ənənələrin təşəkkülünün qarantı rolunu oynamışdır.
Əsas Qanunda Azərbaycan xalqı
dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq bəyan edilmiş, hakimiyyətlərin
bölgüsü prinsipinə uyğun qaydada, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri
arasında qarşılıqlı balans və səlahiyyət çərçivəsi müəyyən edilmiş, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit
edilmişdir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini, siyasi plüralizmin dəstəklənməsi,
yerli özünüidarəetmənin fundamental əsaslarının formalaşdırılması da
Konstitusiyada yer tutan əsas məsələlərdəndir.
Qəbulundan keçən dövr ərzində
Konstitusiya ölkə daxilində aparılan çoxşaxəli islahatlar və qloballaşan
dünyaya inteqrasiya üçün özül qismində çıxış etmiş, cəmiyyətdə qanunun
aliliyinin təmini, azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı,
xalqın tarixi, milli-mədəni irsinin qorunması istiqamətində əvəzsiz rola malik
olduğunu və sağlam təməllər üzərində qurulduğunu sübut etmişdir.
Azərbaycanın sürətli
sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimi layiqli yer tutması və
cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün
çağırışlarına uyğunlaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə müxtəlif illərdə
Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının təminatı
mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşdirilməsi
və dövlət idarəetməsinin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri
ehtiva etmişdir.
Bu il biz həm də işğala məruz
qalmış torpaqlarımızın azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən
müharibəsində qazandığımız tarixi Zəfərin beşinci ildönümünü böyük qürur hissi
ilə qeyd edirik. Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası
Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoymuş, həmçinin
iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar
aparılmasını zəruri etmişdir. Bu baxımdan, əminəm ki, konfransda konstitusiya
quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual
mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr Konstitusiyanın
aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli
müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaqdır.
Bir daha Sizi Bakıda ürəkdən
salamlayır və konfransın işinə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 12 noyabr 2025-ci
il
