07.04.2025
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü, 377.1-ci və 379-cu maddələri
baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsi Plenumu iş üzrə hakim H.Əfəndiyevanın
məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və
Milli Məclis Aparatının mülahizəsini, Hüquqi
Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan Respublikası Mərkəzi
Bankı, Sumqayıt Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər
Kollegiyası tərəfindən təqdim edilən mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini
və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, sığorta ödənişi ilə bağlı tələblər
üzrə iddia müddətinin axımı sığortalının (və ya faydalanan şəxsin) sığortaçının
sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu), sığorta ödənişinin
miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə
sığorta ödənişi həyata keçirilməməklə yanaşı, sığorta ödənişindən imtina
haqqında bildiriş verilmədikdə sığortaçının öhdəliyinin icra müddəti (“İcbari
sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsi ilə nəzərdə
tutulmuş müddət) bitdiyi andan başlayır.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələrinə
münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun
17.1.4-cü maddəsində nəzərdə tutulmuş “arayış” səlahiyyətli orqanın həmin hadisə
ilə əlaqəli inzibati xətalar və ya cinayət işi üzrə təqsiri müəyyənləşdirən qərarını
ehtiva etmir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.