Yanvarın 17-də Konstitusiya Məhkəməsində 20 yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

News

2025 Jan

17.01.2025

Tədbirin əvvəlində respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin və müharibə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan sədr Fərhad Abdullayev bildirdi ki, 20 yanvar faciəsi xalqımızın qürur mənbəyi, milli birlik və vətənpərvəliyimizin simvolu kimi Azərbaycan tarixinə həkk olunub. Bu hadisə ümumxalq faciə olmaqla yanaşı, tariximizin mühüm dönüş nöqtəsi, müstəqillik uğrunda mübarizəmizin başlanğıcı kimi dəyərləndirilməlidir.  20 Yanvar faciəsi tarixi yaddaşımızda hüzn günü kimi yadda qalsa da, Azərbaycan xalqının taleyinin və tarixinin fədakarlıq, eləcə də qəhrəmanlıq səhifəsidir. XX yüzilliyin sonunda müxtəlif faciələrlə üzləşən xalqımız müstəsna iradə və cəsurluq göstərərək, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan tarix yazmışdır.

Sədr çıxışında qeyd etdi ki, dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayətlə 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozuldu.

Fərhad Abdullayev bildirdi ki, 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində verildi.  Faciənin növbəti günü Ümummilli Lider onun layiqli davamçısı və ən yaxın silahdaşı cənab İlham Əliyevlə birgə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, verdiyi cəsarətli bəyanatı ilə faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Heydər Əliyevin 1993-cü ildə xalqın arzusu və təkidi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində dövlət səviyyəsində mühüm addımlar atıldı. Məhz onun təşəbbüsü və göstərişi ilə Milli Məclisin “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarı qəbul edildi. Bu Qərarla baş vermiş faciə hərbi təcavüz və cinayət kimi qiymətləndirilərək, 20 yanvar – Ümumxalq Hüzn Günü elan edildi.

Sədr çıxışında bildirdi ki, bu gün Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həllini dövlətin mühüm vəzifələrdən biri kimi müəyyənləşdirməklə, bu istiqamətdə böyük tədbirlərin həyata keçirilməsinə nail olub. Dövlət başçısının 2006-cı il yanvarın 19-da 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə bağlı Fərmanı şəhidlərin xatirəsinə xüsusi diqqətin təzahürüdür.

Qeyd olundu ki, tarixin müxtəlif dövrlərində xalqımıza qarşı  törədilən cinayətlər onun öz müstəqilliyi, azadlığı uğrunda, mübarizə əzmini qıra bilmədi. 20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnaməsi, müqəddəs amal uğrunda mübarizələri 44 günlük Vətən müharibəsi iştirakçıları tərəfindən şücaətlə davam etdirildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi respublikamızın suverenliyinin, ərazi bütövlüyünün tam bərpasına və xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi.

Sədr çıxışında Dövlət Başçısının 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsinə toxunaraq, qeyd etmişdir ki, cənab Prezident çox dəqiqliklə beynəlxalq vəziyyəti, yaranmış reallıqları ictimaiyyətin diqqətinə çatdırdı. Bu reallıqlar ondan ibarətdir ki, Azərbaycan beynəlxalq proseslərdə getdikcə mühüm rol oynayan, öz maraqlarını bu çətin tarixi mərhələdə bacarıqla və məharətlə müdafiə edən dövlətə çevrilib. Ölkə Başçısı vurğuladı ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir və Ermənistan silahlanma yarışında Azərbaycanla rəqabət apara bilməz. Çünki dünya tarixində ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Dövlət Başçısı sülh müqaviləsinə toxunaraq ümidvar olduğunu bildirdi ki, sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtləri də qəbul edilməlidir.

Tədbirin sonunda Sədr vurğuladı ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. Tariximizin milli qürur günü sayılan 1990-cı ilin 20 yanvar hadisəsi ilə Azərbaycan xalqı azadlığı, suverenliyi və müstəqilliyi uğrunda mübarizəsini dünyaya sübut etdi. 20 Yanvar şəhidlərinin əziz xatirəsi millətimizin yaddaşında daim yaşayacaq və ehtiramla yad ediləcək.