Konstitusiya Məhkəməsi Konstitusiya Günü münasibətilə işğaldan azad olunmuş əzəli Qarabağ torpaqlarımızda hüquq olimpiadası keçirmişdir

News

2024 Oct

23.10.2024

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclərin hüquqi tərbiyəsinin yüksəldilməsinə, onların hüquqi dövlət quruculuğunda fəal iştiraklarına, Konstitusiya əsaslarının və prinsiplərinin daha da dərindən öyrənilməsinə daim diqqət yetirir.

Bu baxımdan, Konstitusiya Məhkəməsi ənənəvi olaraq, hər il Azərbaycanın müxtəlif bölgələrində Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirir.

Həmin tədbirlər daha öncə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə və Sumqayıt şəhərlərində, Lənkəran, Masallı, Astara, Lerik, Quba, Qusar, Xaçmaz, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Qəbələ, İsmayıllı, Şamaxı və Oğuz rayonlarının ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında keçirilərək, onların hüquq sahəsində biliklərinin inkişafına və hüquqi tərbiyəsinin yüksəldilməsinə xidmət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda təhsilin inkişafı ilə bağlı görülən tədbirlər xüsusi əhəmiyyət kəsb etdiyi üçün cari ilin 14-18 oktyabr tarixlərində Konstitusiya Məhkəməsi bu il Qarabağda -  işğaldan azad olunmuş torpaqlarımızda Elm və Təhsil, Gənclər və İdman Nazirlikləri ilə birlikdə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin tələbələri, habelə Xankəndi və Şuşa şəhərləri, Füzuli, Laçın, Zəngilan və Xocalı rayonlarının orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Zəfər çalmış dövlətin Əsas Qanunu” mövzusunda Hüquq olimpiadası keçirmişdir.

Oktyabrın 17-də Qarabağ Universitetində keçirilən hüquq olimpiadasının qaliblərinin mükafatlandırılma tədbirində Dövlət Himni səsləndirilib və daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının şöbə müdiri Dürdanə Məmmədova Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin olimpiada iştirakçılarına təbrik müraciətini çatdırmışdır.

Daha sonra olimpiada haqqında geniş məlumat verilərək Konstitusiya Məhkəməsi tərəfindən gənclər arasında konstitusion dəyərlərin təbliği məqsədilə ənənəvi olaraq olimpiadaların təşkil olunması, maarifləndirmə işlərinin aparılması qeyd edilmişdir.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov geniş nitq söyləyərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğu və gənclərin hüquqi dünya görüşlərinin artırılmasının vacibliyini vurğulayıb.

Rektor belə ictimai faydalı və həvəsləndirici təşəbbüs üçün Konstitusiya Məhkəməsinə təşəkkürünü bildirərək olimpiada qaliblərini təbrik edib.

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova çıxışında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hələ illər əvvəl keçirdiyi ilk olimpiadaların birində iştirak etdiyini qeyd etmiş,  hazırki olimpiadanın isə məhz azad edilmiş Qarabağda  reallaşması ilə əlaqədar olan sevinci ilə paylaşaraq Konstitusiya Məhkəməsinə minnətdarlığını bildirmişdir.

Yekunda Qarabağ Universitetinin tələbələri, Xankəndi və Şuşa şəhərlərinin, Füzuli, Laçın, Zəngilan və Xocalı rayonlarının məktəblərində keçirilən olimpiada üzrə ümumilikdə 70 nəfər fərqləndirilərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin diplomları və müxtəlif hədiyyələrlə təltif olunmuşdur.