14.10.2024
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə
heyəti beynəlxalq konfransda iştirak etmək üçün İstanbul şəhərində səfərdə
olub.
Beynəlxalq konfrans “İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin və Türkiyə Konstitusiya Məhkəməsinin qərarları
işığında miqrasiya və insan hüquqları” mövzusunda keçirilib. Konfransda Türkiyə
Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri, İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin hakimləri, bir sıra Avropa dövlətlərinin Konstitusiya məhkəmələrinin,
Türkiyənin dövlət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Konfransın praktiki hissəsində
Miqrasiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa
Konvensiyası, Konstitusiya Məhkəməsinin deportasiya məsələləri üzrə məhkəmə təcrübəsi,
Avropa Konvensiyası çərçivəsində miqrant uşaqların müdafiəsi, eləcə də digər
mövzulara dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
Tədbirdə Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev məruzə ilə çıxış edib, respublikamızın 30 ildən artıq
üzləşdiyi qaçqın və məcburi köçkün problemini iştirakçıların diqqətinə
çatdırıb, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycan
Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpa
edildiyini, bununla da həmin şəxslərin pozulmuş bir sıra konstitusion
hüquqlarının bərpa edildiyini vurğulayıb.
F.Abdullayev planetimizin üzləşdiyi
ən böyük problemlərdən birinin qlobal iqlim dəyişmələri olduğunu bildirib, cari
ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi edəcəyini tədbir
iştirakçılarının diqqətinə çatdırıb.
Səfər çərçivəsində Türkiyənin Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə məhkəmə hüquq sahəsində fikir mübadiləsi aparılıb.