Konstitusiya Məhkəməsində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

News

2024 Sep

27.09.2024

Sentyabrın 27-də Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsul əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.

Daha sonra Konstitusiya Məhkəməsində Anım Günü ilə bağlı tədbir keçirilib.

Konstitusiya Məhkəməsinin hakimlərinin və Aparatının məsul əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, işğaldan azad edilən torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci il dekabrın 2-də Sərəncam imzalayıb.

Sədr vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə sözsüz ki, həyata keçirilən məqsədyönlü siyasətin, Azərbaycan Ordusunun Vətənə məhəbbətinin və xalqımızın dəmir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməsinin nəticəsi idi.

Qeyd olunub ki, 2023-cü il sentyabr ayında Qarabağda ermənilərin növbəti təxribatlarının qarşısını almaq və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatı keçirilib. Nəticədə 24 saat ərzində 90-dan artıq strateji əhəmiyyətli mövqe ələ keçirildi və qarşı tərəf Bakının şərtlərini qəbul edib, “ağ bayraq” qaldırdı.

Sədr bildirib ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda tam bərpa edilib və işğal altındakı torpaqlarımızın azad edilməsi həm də vətəndaşların konstitusiya hüquqlarının bərpasının təminatıdır.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir, şəhid və qazi ailələrinə qayğı və mərhəmət hissi ilə yanaşılır, onların problemlərinin həlli diqqət mərkəzində saxlanılır.