02.05.2024
Mayın
2-də Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilib.
Görüş
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin “Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinin ali konstitusiya ədalət mühakiməsi orqanı kimi məhkəmə
hakimiyyətində yeri və rolu” mövzusunda mühazirəsi və Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə tanışlıq məqsədi ilə təşkil
edilib.
Tədbir
iştirakçılarını salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
demokratik və müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin
rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul
edilmiş Azərbaycanın ilk milli Konstitusiyasının ölkəmizin gələcəyini, hüquqi
inkişaf strategiyasının əsas prioritetlərini müəyyən etdiyini vurğulayaraq,
hüquq sisteminin mahiyyətini müəyyənləşdirən mütərəqqi qanunların qəbul
olunması və dünyəvi, hüquqi dövlətin qurulmasında Əsas Qanunun roluna toxundu.
Həmçinin qeyd olundu ki, 44 günlük Vətən müharibəsi və bu ilin sentyabr ayının
19-20 tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində
əldə olunan Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi
işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olundu, Konstitusiyada təsbit
edilmiş hüquqların tam şəkildə bərpası üçün real zəmin yarandı.
Sədr
bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının əsas təyinatı məhkəmə
sisteminin müasirləşdirilməsi vasitəsilə ölkəmizdə qanunun aliliyinin təmin
olunması məqsədi daşıyır.
Sədr
diqqətə çatdırdı ki, dövlət başçısı məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı
kimi hakimlərin müstəqil olaraq qanuna uyğun ədalətli və əsaslandırılmış qərarlar
qəbul edilməsi və şəffaflıq əsasında fəaliyyət göstərməsinə daim diqqət
yetirir.
Qeyd
edildi ki, hakimlərə ictimai etimadın artırılması bilavasitə onların fəaliyyətindən
asılıdır. Ədalət, qanunçuluq, qərəzsizlik, vicdanlılıq və ədalət mühakiməsinin
digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı tövsiyələr gənc
hüquqşünasların diqqətinə çatdırıldı. Vahid məhkəmə təcrübəsinin vacibliyi və
bu istiqamətdə ardıcıl fəaliyyət göstərilməsi xüsusi vurğulanmışdır.
Daha
sonra Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə gənc hüquqşünaslara ətraflı məlumat
verilmiş, qəbul edilən qərarlarda əks olunmuş hüquqi mövqelər və yanaşmalarla
bağlı bir sıra məsələlərə toxunulmuşdur.
Tədbirdə
Konstitusiya Məhkəməsinin hakimləri, Aparatın məsul əməkdaşları iştirak ediblər.
Görüşün sonunda hakimliyə namizədlər məhkəmə binası ilə tanış oldular.