30.04.2024
Ölkəmizdə
səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri
Muharrem Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə aprelin 30-da Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.
Görüşdə
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyə Respublikasının
qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri
bizim kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
“Bir millət, iki dövlət” kəlamlarının xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini
qeyd edib.
Sədr
vurğulayıb ki, iki qardaş dövlət arasındakı münasibətlər Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində daim
inkişaf edir. Ölkələrimiz arasında qardaşlıq sarsılmazdır. Böyük geosiyasi və
iqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və
təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da
gücləndirilməsinə yönəlib. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan münasibətlər
daim güclənir.
Qeyd
olunub ki, iki ölkə arasında hüquqi əməkdaşlıq uğurla inkişaf edir. Bu əməkdaşlığa,
o cümlədən məhkəmələr də töhfə verir. Məhkəmə təcrübəsinin öyrənilməsi və
aktual hüquqi məsələlər ətrafında fikir mübadiləsinin aparılması məhkəmə-hüquq
təsisatlarının praktiki fəaliyyəti üçün çox önəmlidir.
Sədr Fərhad
Abdullayev, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı arasında insan hüquqlarının təmin
edilməsi sahəsində işbirliyi haqqında məlumatı qonağın diqqətinə çatdırıb.
Türkiyə
İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç qonaqpərvərliyə
görə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə
edib. Bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olan sıx əməkdaşlıq, o
cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Türkiyə İnsan
Hüquqları və Bərabərlik Qurumu arasında da qarşılıqlı dəstək və anlaşma əsasında
uğurla inkişaf edir.
Görüşdə
geniş fikir mübadiləsi aparılıb, hüquqi məsələlər müzakirə olunub.