13.11.2023
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda
Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.2, 159.1, 159.3, 159.3-1,
159.8-1, 163.2 və 163.4-cü maddələrinin həmin Məcəllənin 84.5.11, 84.5.16,
151.2, 172.2, 290.5.2 və 290.5.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə
dair konstitusiya işinə baxıldı.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini,
maraqlı subyektlər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası
Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul
edib.
Qərarda
deyilir ki, Azərbaycan
Respublikası Konstitusiyasının 28-ci maddəsinin I və II hissələrinə və 71-ci
maddəsinin X hissəsinə uyğun olaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 85.2.1 və 85.2.5-ci maddələrinin mənasına görə, müstəntiqin
icraatında olan cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi və uzadılması həmin
Məcəllənin 156.2, 159.1, 159.3, 159.3-1, 159.8-1, 163.2 və 163.4-cü maddələrinin
tələblərinə müvafiq olaraq müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
məhkəmə qərarı ilə həyata keçirilir.
Cinayət
işi başlamış və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək həmin
işin ibtidai istintaqını aparan prokuror Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 156, 159 və 163-cü maddələrində göstərilən hallarda şübhəli və ya təqsirləndirilən
şəxs haqqında qətimkan tədbirinin seçilməsi və uzadılması barədə təqdimatla məhkəməyə
müraciət edə bilər.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.