Konstitusiya Məhkəməsində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

News

2023 Sep

27.09.2023

Sentyabrın 27-də Konstitusiya Məhkəməsinin Sədri, hakimləri və Aparatın məsul əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Daha sonra Konstitusiya Məhkəməsində Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbirin əvvəlində ilk öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Diqqətə çatdırılıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən işğalı altında olan torpaqlarımız azad edildi. 27 sentyabr Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, həm də Şanlı Zəfərimizin başlanğıcıdır. Hər şey o gün, tarixi qərarın verilməsi ilə başladı. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə verilmiş qərar tarixi qələbəmizi şərtləndirdi.

Sədr bildirdi ki, 44 gün ərzində Qələbə qazanmağımız ilk öncə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşməsinin nəticəsi idi. Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində müasir silahla təchiz edilmiş rəşadətli Ordumuz 44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsini, həmçinin 5 şəhər və 4 qəsəbəni, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycan Ordusunun hərbi uğurları müharibənin nəticəsini müəyyənləşdirdi və uzun illər davam edən işğala son qoyulmasına nail olundu. 2020-ci il noyabrın 10-da Azərbaycanın qələbəsini təsdiqləyən üçtərəfli bəyanat imzalandı.

Xüsusilə vurğulanıb ki, sentyabrın 20-də Qarabağda ermənilərin növbəti təxribatlarının qarşısını almaq üçün və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatı keçirilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun hazırladığı antiterror əməliyyatı çox yüksək peşəkarlıqla həyata keçirildi və qarşıya qoyulan məqsədləri ən qısa zamanda dəqiqliklə icra etdi. Nəticədə Azərbaycan ordusu 24 saat ərzində 90-dan artıq strateji əhəmiyyətli mövqeni ələ keçirə bildi və qarşı tərəf Bakının şərtlərini qəbul edib, “ağ bayraq” qaldırdı. Bununla da Azərbaycan ordusu növbəti dəfə müasir hərb tarixinə öz adını bu şanlı Qələbə ilə qızılı hərflərlə yazmış oldu. 

Sədr qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və sonradan Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi ordu qurulucuğu siyasəti nəticəsində silahlı qüvvələrimiz ən müasir silahlar, döyüş texnikası ilə təchiz olunmuşdur. İstər hərbi texnika, istərsə də canlı qüvvə baxımından Azərbaycan ordusu dəfələrlə düşmən ordusunu qabaqlayaraq, öz gücü və qüdrətini ərazi bütövlüyümüz uğrunda gedən haqlı mübarizəmizdə düşmənin tapdağından azad olunmuş torpaqlarımızda sübut etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasına keçirilmiş görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər. Azərbaycan Respublikasının Dövlət Başçısı mətbuata bəyanatında qeyd edib ki: “Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etdi. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, - beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik”.

Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsinin Azərbaycanın bütün ərazilərində bərpa olunması məhz Azərbaycan Respublikasının Əsas Qanunun müəllifi Ulu Öndər Heydər Əliyevin 100 illiyinə təsadüf olması isə rəmzi xarakter daşıyır.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsi bunu bir daha sübut edir.

Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir, şəhid və qazi ailələrinə xüsusi həssaslıq, qayğı və mərhəmət hissi ilə yanaşılır, onların problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.

Bildirilib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.

Qeyd olunub ki, bu tarixi Qələbə ilə hazırda azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən bərpa və yenidənqurma işləri həyata keçirilir, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atılır. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etməsinin göstəricisidir.

Tədbirin sonunda Fərhad Abdullayev bildirib ki, xalqımız hər zaman 27 Sentyabr – Anım günü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır!