15.09.2023
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda
Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və
153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı
subyektlər Şirvan Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı
Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının
professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində
nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə
ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin
Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci
maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi
hüququn (ov etmək hüququnun) olması halında mümkündür.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.