14.04.2023
Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda Azərbaycan Respublikası Ali
Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin
399-cu, 421.3-cü, 423.2-ci, 424.3-cü və 447-ci maddələrinin əlaqəli şəkildə
şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu
iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyekt Azərbaycan
Respublikasının Ali Məhkəməsi, mütəxəssislər Bakı Apellyasiya Məhkəməsi,
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının
Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyasının mülahizələrini, ekspertlər
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının və Halle-Vittenberq
Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru
A.Əliyevin rəylərini və işin materiallarını araşdırıb müzakirə edərək qərar
qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə
müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq
birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə
ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və
bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi
halında həmin Məcəllənin 423.2-ci və 424.3-cü maddələrinə uyğun olaraq tərəf
müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət
edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının
qüvvəyə minməsi ilə əlaqələndirilib.
İkitərəfli müqavilələr üzrə öhdəliyin
pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci
maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər.
Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə
müqaviləyə xitam verilmiş sayılır.
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən
əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə
münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması
halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə,
gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb
etmək hüququna malikdir.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.