06.04.2023
Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda Şəki Apellyasiya
Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6-cı və 146.1-1-ci
maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu
iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyekt Azərbaycan Respublikası
Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik
şöbəsinin, mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Konstitusiya hüququ kafedrasının dosenti, hüquq elmləri doktoru S.Əliyevin
rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu və 529.1-ci maddələrinə
uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən
edilmiş müddətdə tərtib olunmadıqda və nəticədə inzibati məsuliyyətə cəlbetmə
müddəti keçdikdə, həmin Məcəllənin 38.1-ci, 53-ci və 109.2-ci maddələrinə
əsasən, iş üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 529.1-ci və ya 529.2-ci maddələrinə əsasən inzibati
məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul olunmuş inzibati cərimə
növündə tənbeh tətbiqetmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam
etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiqetmə haqqında qərarın
icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna
olunur.
Qərar dərc edildiyi gündən qüvvəyə
minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.