Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası CM 16-cı və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

News

2022 Apr

19.04.2022

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun və Bakı Apellyasiya Məhkəməsinin hakimləri Z.Şirinovun və İ.İbrahimlinin mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz.

Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.