04.03.2022
Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda Balakən Rayon Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş
üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin -
Balakən Rayon Məhkəməsinin hakimi Z.Tahirovun və Milli Məclis Aparatının
İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Ali
Məhkəmənin Mülki Kollegiyasının sədri S.Hacıyevin, Bakı Apellyasiya
Məhkəməsinin hakimi R.Həsənovun, Mərkəzi Bankın baş direktoru R.Orucovun və
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyevin mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və işin
materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin
375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə
əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir.
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın
əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin
keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına
səbəb olmur.
Qərar dərc edildiyi gündən qüvvəyə
minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.