19.01.2022
XX əsrdə insanlığa qarşı törədilmiş
qırğınların ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan
yaddaşına əbədi həkk edilib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli
azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm
təsir göstərib.
Qanlı Yanvar şəhidlərinin əziz
xatirəsi hər il olduğu kimi, bu il də Konstitusiya Məhkəməsində ehtiramla yad
edilib. Faciənin 32-ci ildönümü ilə əlaqədar Konstitusiya Məhkəməsinin
kollektivi Şəhidlər xiyabanını ziyarət edib, 20 Yanvar şəhidlərinin əziz
xatirəsini ehtiramla anıb.
Sonra Konstitusiya Məhkəməsində anım
tədbiri keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi
bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev Qanlı Yanvar faciəsini müstəqil
Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi
qiymətləndirib. Bildirilib ki, Azərbaycanda vüsət tapmış milli azadlıq
hərəkatını boğmaq məqsədilə sovet ordusunun Bakıya və respublikanın bir neçə
rayonuna yeridilərək Azərbaycan xalqına qarşı misli görünməmiş qırğın törətməsi
ilə SSRİ Konstitusiyasının, eləcə də insan hüquqları ilə bağlı beynəlxalq hüquq
müqavilələrinin bir sıra normaları kobudcasına pozulub. Günahsız insanların
qətlə yetirildiyi həmin gecədə çoxlu sayda dinc sakin öldürülüb, yüzlərlə insan
yaralanıb və itkin düşüb. Dövlət əmlakına və özəl mülkiyyətə külli miqdarda ziyan
dəyib.
Vurğulanıb ki, xalqını bu ağır
günlərdə tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən tarixi
bəyanatla çıxış etdi. Ulu Öndər özünün və ailə üzvlərinin həyatının təhlükə
altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymət verdi, ovaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və
xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd
olduğunu göstərdi.
Diqqətə çatdırılıb ki, Ümummilli
Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin
baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb
olunması istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndərin şəhid ailələrini və
əlilləri dövlət qayğısı ilə əhatə etdiyini vurğulayan sədr bildirib ki,
Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev
şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət
səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub.
Dövlətimizin başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə
Prezident təqaüdü təyin edilib və daim yardımlar göstərilir. Şəhidlərin
xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir çox abidə kompleksləri
yaradılıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım
Mehriban Əliyeva da şəhid ailələrinə hər zaman xüsusi diqqət və qayğı ilə
yanaşır, onların sosial təminatı istiqamətində mühüm işlər görülür.
Sədr vurğulayıb ki, Qanlı Yanvar
faciəsi şəhidlərinin qanı yerdə qalmadı. 20 Yanvar şəhidlərinin qəhrəmanlıq
salnaməsini 44 günlük Vətən müharibəsinin qəhrəmanları davam etdirdilər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində
qazandığı böyük Qələbə dövlətçiliyimizin tarixində daim xüsusi yer tutacaq.
İşğal altındakı torpaqlarımızın azad edilməsi və dövlətin ərazi bütövlüyünün
təmin olunması həm də vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquqlarını
bərpa, dövlətin əsasını bərqərar etdi.