Konstitusiya Məhkəməsinin Plenumu AR İXM 34-1-ci və 156.2-ci mad. həmin Məcəllənin 30.2, 610-618 maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

News

2022 Jan

13.01.2022

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

İclasda Gəncə Hərbi Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2-ci, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin - Gəncə Hərbi Məhkəməsinin hakimi K.Muxtarovun və Milli Məclis Aparatının sektor müdiri K.Paşayevanın, mütəxəssislər Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın, Bakı Apellyasiya Məhkəməsinin hakimi F.Qasımovun, Bakı Hərbi Məhkəməsinin sədri H.Həsənovun mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi xidmətdən tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxsin hauptvaxtda saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə uyğun olmadığından, onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılmalıdır.

İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinin mənasına uyğun olaraq, hakim hərbi xidmət əleyhinə inzibati xətaların törədilməsinə görə şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati həbs əvəzinə cərimə növündə tənbeh tətbiq edə bilməz.

Məhkəmələr tərəfindən hərbi xidmət əleyhinə inzibati xətaları törətmiş şəxslər barəsində tənbeh tətbiq olunarkən onların Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, dövlətimizin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri, habelə şəxsiyyətini xarakterizə edən müsbət hallar İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq yüngülləşdirici hal qismində nəzərə alınmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.