01.12.2021
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti məhkəmə iclası keçirilib.
İclasda Sumqayıt Şəhər Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
132.1.2-ci və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş
üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri -
Sumqayıt Şəhər Məhkəməsinin hakimi F.Əliyevin, Milli Məclis Aparatının Dövlət
quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin Hərbi qanunvericilik
sektorunun müdiri T.Şeyx-Zamanovun, mütəxəssislər - Ali Məhkəmənin Cinayət
Kollegiyasının hakimi Ş.Yusifovun, Bakı Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının sədri E.Rəhimovun mülahizələrini və işin materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinin “inzibati xəta
haqqında iş üzrə icraatı rədd edən hallar” müddəası yalnız həmin Məcəllənin
53-cü maddəsində göstərilən, mahiyyəti üzrə işə baxmadan və sübutları
qiymətləndirmədən icraatı rədd edən halları ehtiva edir.
Bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks edilmiş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş
üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər
cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə
minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.