2011-03-02 Konstitusiya Məhkəməsində Xorvatiya Respublikası Ali Məhkəməsinin nümayəndə heyəti ilə görüş olmuşdur

News

2011 Mar

Martın 1-də Konstitusiya Məhkəməsində Azərbaycanda işgüzar səfərdə olan Xorvatiya Respublikası Ali Məhkəməsinin sədri Branko Hrvatinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Konstitusiya Məhkəməsinin hüquq və səlahiyyətləri Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır. 

F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, qurumun fəaliyyətində ayrı-ayrı ölkələrlə yanaşı, beynəlxalq hüquq təşkilatlarının da təcrübəsinin nəzərə alındığını vurğulamışdır. Azərbaycan Konstitusiya Məhkəməsinin Avropa Konstitusiya Məhkəmələri Konfederasiyasının tamhüquqlu üzvü olduğu, təşkilatlarla qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir. 

Fərhad Abdullayev Xorvatiya Konstitusiya Məhkəməsinin nümayəndələri ilə beynəlxalq tədbirlərdə görüşdüyünü, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardığını diqqətə çatdırmışdır. Azərbaycan Konstitusiya Məhkəməsi tərəfindən Avropa Beynəlxalq İnsan Hüquqları Məhkəməsi presedentlərinin tam şəkildə qəbul olunduğu və qərarlarda istifadə edildiyi barədə qonaqlara məlumat verilmişdir. 

Xorvatiya Respublikası Ali Məhkəməsinin sədri Branko Hrvati səmimi görüşə görə təşəkkür etmişdir. İki dövlətin Konstitusiya məhkəmələrinin səlahiyyətlərində çox oxşarlıq olduğunu deyən B.Hrvati Xorvatiya Konstitusiya Məhkəməsinin qərarlarında da Avropa Beynəlxalq İnsan Hüquqları Məhkəməsinin təcrübəsindən geniş istifadə edildiyini bildirmişdir. Xorvatiyanın Ali Məhkəməsi azərbaycanlı həmkarları ilə əməkdaşlığa böyük əhəmiyyət verir. 

Görüşdə qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur. Sonda qonaqlar Konstitusiya Məhkəməsində iş şəraiti ilə tanış olmuşlar.