Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

News

2021 Feb

26.02.2021

Fevralın 26-da Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdən əvvəl Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə Məhkəmənin Aparatının məsul əməkdaşları COVID-19 pandemiya ilə əlaqədar məhdud sayda Bakının Xətai rayonunda Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edərək, soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Daha sonra Konstitusiya Məhkəməsinin binasında anım mərasimi keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev xalqımızın ən yaxın tarixinə qanla yazılmış Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri dəhşətli qətliamlardan danışıb. Bildirib ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifələrindən biridir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı törədilən tarixi cinayətdir.

Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının iştirakı ilə bütün beynəlxalq humanitar hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridərək qəddarlıqla törədikləri cinayət əməlləri nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb, 150 nəfər itkin düşüb.

Xocalı soyqırımına siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayan Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev bu qətliamın beynəlxalq ictimaiyyətə çatdırılması və dünya dövlətləri tərəfindən tanıdılmasını, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsini, onların ailə üzvlərinin, yaxınlarının sosial müdafiəsinin gücləndirilməsini həmişə diqqət mərkəzində saxlayır.

Sədr Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində ölkədə və xaricdə keçirilən mühüm layihələrdən danışıb, Heydər Əliyev Fondunun və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədəki misilsiz xidmətlərini xüsusi vurğulayıb. Qeyd olunub ki, artıq dünyanın bir sıra ölkələri, bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul ediblər. İllər ərzində bu istiqamətdə görülmüş uğurlu fəaliyyət onu göstərir ki, dünya ictimaiyyəti Xocalı faciəsi ilə bağlı daha çox məlumatlıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün vacib tədbirlər reallaşdırılır, işlər görülür.

Diqqətə çatdırılıb ki, uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci ildə ölkəmizə qarşı genişmiqyaslı hərbi təxribatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi və Qarabağ savaşının yeni həlledici mərhələsi başlandı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, sentyabrın 27-dən başladığı 44 günlük şanlı Vətən müharibəsinin nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi, torpaqlarımız işğaldan azad olundu.

Xüsusilə vurğulanıb ki, ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsi, hərbi sahənin inkişafı və hərbi qulluqçuların peşəkarlığının artırılması, ordunun müasir texnika ilə təminatı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Respublikamızda hər zaman hərbçilərə, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.

Azərbaycan Ordusunun hərbi uğurları müharibənin nəticəsini müəyyənləşdirdi və Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Qələbəni təsdiqləyən tarixi Bəyanat imzalandı.

Sədr qeyd edib ki, 2020-ci il Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun Böyük Qələbəsi kimi xalqımızın yaddaşında, dövlətimizin tarixində daim xüsusi yer tutacaq. Müəllifi ulu öndər Heydər Əliyevin olduğu və 2020-ci ildə 25 ili tamam olan Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda bərpa edildi.

Hüquqda “Cinayət olan yerdə cəza da olmalıdır” prinsipini diqqətə çatdıran Fərhad Abdullayev bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını almalarının vacibliyini vurğulayıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə Azərbaycan hüquqşünaslarının da üzərinə düşən vəzifələrdən danışan Konstitusiya Məhkəməsinin Sədri diqqətə çatdırıb ki, hər birimiz Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımını törədənlərin layiqli cəzalarını almaq istiqamətində səylərimizi artırmalıyıq.