Dekabrın 17-də Konstitusiya Məhkəməsində Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (AGTMŞ) üzvü olan qurumların nümayəndələri ilə görüş keçirilmişdir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də uğurlu islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsi, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzərə alınması diqqət mərkəzində saxlanılır.
F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, digər ölkələrin bu sahədə təcrübəsinin nəzərə alındığını vurğulamışdır. Azərbaycan Konstitusiya Məhkəməsinin Ümumi Konstitusiya Məhkəmələri Avropa Konfransının, ötən il yaradılmış Dünya Konstitusiya Məhkəmələri Konqresinin üzvü olduğu, həmin təşkilatlar çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Azərbaycanın hüquq mühafizə orqanları ilə də səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu söyləmişdir.
Gənc Azərbaycan dövlətinin demokratik dəyərlərin inkişafı, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm uğurlara imza atdığını qeyd edən sədr, gənclərin hüquqi maarifləndirilməsi istiqamətində bu görüşün əhəmiyyətli olacağına əminliyini bildirmişdir.
Səmimi görüşə görə təşəkkürünü bildirən AGTMŞ-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunmuş AGTMŞ hazırda sıralarında 70-dən çox təşkilatı birləşdirir.
AGTMŞ dövlət gənclər siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində, gənclərin ictimai proseslərə və dövlət əhəmiyyətli tədbirlərə səfərbər edilməsində yaxından iştirak edir. Ötən dövrdə AGTMŞ Azərbaycan gəncliyinin beynəlxalq aləmdə layiqli təmsilçiliyinin təmin edilməsində, ölkə həqiqətlərinin dünyaya çatdırılmasında real uğurlara imza atmışdır. AGTMŞ dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində səylə çalışır və bu istiqamətdə yerli və beynəlxalq səviyyəli mühüm layihələr reallaşdırmaqdadır. Həmin təşkilatlarda birləşən gənclərimiz sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmiş respublikamızda aparılan geniş quruculuq işlərində fəal iştirak edirlər. Ərazilərimizin düşmən tapdağı altında olması, gənclərimiz qarşısında daha mühüm vəzifələr qoyur.
Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılmış, gəncləri maraqlandıran suallara cavab verilmişdir.