Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası CM-nin 206.2-ci mad. şərh edilməsinə dair konstitusiya işinə baxıb

News

2021 Jan

29.01.2021

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

İclasda Balakən Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Balakən Rayon Məhkəməsinin hakimi Z.Tahirov və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri S.Sadıqovun, mütəxəssislər - Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Murquzovun və Baş Prokurorluğun nümayəndəsi O.İsayevin mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır.

Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır.

2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə münasibətdə tətbiq edilmir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.