Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətinin Məlumatı

News

2021 Jan

18.01.2021

Yanvarın 18-də Konstitusiya Məhkəməsində Sədr Fərhad Abdullayevin iştirakı ilə Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Hadrut və digər şəhər və rayonlar istiqamətində döyüşlərdə iştirak etmiş Konstitusiya Məhkəmənin əməkdaşı ilə görüş keçirilmişdir.

Aparatın məsul əməkdaşları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, sentyabr ayının 27-də başladığı  hərbi əməliyyatlar nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin edildiyini, torpaqlarımızın 30 illik  işğaldan azad olunduğunu qeyd etmişlər. Rəşadətli Azərbaycan Ordusunun hərbi qulluqçularının düşməni  məhv etmək üçün qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq, igidlik və mərdlik ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, onlar bir sıra adlar, orden və medallarla təltif edilmişdirlər.

Xüsusilə vurğulanmışdır ki, ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsi, hərbi sahənin inkişafı və hərbi qulluqçuların peşəkarlığının artırılması, ordunun müasir texnika ilə təminatı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Respublikamızda hər zaman hərbçilərə, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi, indiki dövrdə bu sahədə ardıcıl və məqsədyönlü tədbirlərin daha da genişlənməsi qeyd olunmuşdur.

 Torpaqlarımızın azad olunması uğrunda keçirilən döyüş əməliyyatlarında iştirak etmiş Konstitusiya Məhkəməsinin əməkdaşı Ülvi Mehbalıyevə Konstitusiya Məhkəməsinin rəhbərliyi və hakimləri adından gələcək həyatında uğurlar, vətənpərvərlikdə nümunəvi gənclər sırasında olmasını arzulamışlar.

Ülvi Mehbalıyev Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevə öz təşəkkürünü bildirmiş, hərbi əməliyyatlarda iştirak edən müddətdə onun ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə etmişdir.

Tədbirin sonunda Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin adından Ülvi Mehbalıyeva xatirə hədiyyəsi təqdim edilmişdir.