2010-11-18 Konstitusiya Məhkəməsinin sədri beynəlxalq konfransın iştirakçıları ilə görüşmüşdür

News

2010 Nov

Noyabrın 13-də Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qurumun, eləcə də Hüquqşünaslar Konfederasiyası, Avropa Şurası Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkilatçılığı ilə keçirilən “İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya mexanizmləri” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşmüşdür.

Görüşdə Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində islahatlara ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanılmışdır. On iki il əvvəl - 1998-ci il iyulun 14-də Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsi 9 hakim ilə təşkil olunmuşdur. 

F.Abdullayev Konstitusiya Məhkəməsində beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət yetirildiyini, müxtəlif ölkələrlə yanaşı, beynəlxalq hüquqi təşkilatların təcrübəsinin nəzərə alındığını vurğulamışdır. 2010-cu ildən Konstitusiya Məhkəməsi öz tərkibini daha da genişləndirmiş, bura gənc alimlər cəlb olunmuşdur. Məhkəmə Plenumunun fəaliyyəti dövründə 184 qərar qəbul etmişdir. 

Daha sonra Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov çıxış edərək Konstitusiyanın qəbul olunduğu 15 ildə Azərbaycanda demokratik, iqtisadi və hüquqi islahatların həyata keçirildiyini söyləmişdir. H.Osmanov 12 Noyabr - Konstitusiya Günü münasibətilə Fərhad Abdullayevi komitənin fəxri fərmanı ilə təltif etmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin bir qrup əməkdaşı Həmkarlar İttifaqının işində fəal iştiraka görə fəxri fərmanlarla mükafatlandırılmışdır. 

Tədbirin sonunda müxtəlif ölkələri təmsil edən konfrans iştirakçıları Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyətinə uğurlar arzulayaraq xatirə hədiyyələrini təqdim etmişlər.