2010-09-28 Konstitusiya Məhkəməsində Avropa Şurasi Venesiya Komissiyasinin nümayəndə heyəti ilə görüş olmuşdur

News

2010 Sep

Sentyabrın 24-də Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində islahatlar əsasən ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanılmışdır. Ötən dövrdə hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsi, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzərə alınması, Avropa Şurasının Venesiya Komissiyasının rəyi və hüquqi məsləhətləri diqqət mərkəzində saxlanılır.

F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, ayrı-ayrı ölkələrlə yanaşı, beynəlxalq hüquqi təşkilatların təcrübəsinin nəzərə alındığını vurğulamışdır. Azərbaycan Konstitusiya Məhkəməsinin Konstitusiya Məhkəmələri Avropa Konfransının üzvü olduğu, həmin təşkilat çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Azərbaycanın hüquq mühafizə orqanları ilə də səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu da söyləmişdir. 

Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markert səmimi görüşə görə təşəkkürünü bildirmiş, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Azərbaycanın sürətlə inkişaf etməsinin şahidi olduğunu deyən qonaq, qazanılmış uğurların Konstitusiya Məhkəməsinin nümunəsində də aşkar göründüyünü bildirmişdir. Konstitusiya Məhkəməsinin Azərbaycanın hüquq sistemində yerini yüksək qiymətləndirən T.Markert qurumun Venesiya Komissiyası ilə sıx əməkdaşlığının hər iki tərəf üçün faydalı olduğunu qeyd etmişdir. Azərbaycanda ədalət mühakiməsinin inkişafından danışan katib Avropa dövlətləri ilə müqayisədə ölkəmizin həmin mərhələni çox qısa müddətdə keçdiyini xüsusi vurğulamışdır. 

Görüşdə iştirak edən Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Yevgeni Tançev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu, müraciət və şikayətlərin verilməsi təcrübəsi ilə bağlı bir sıra məsələlərə toxunmuşdur. 

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılmış, qonağı maraqlandıran suallara ətraflı cavab verilmişdir.