21.10.2020
Oktyabrın 21-də Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyə
Respublikasının Baş Ombudsmanı Şeref Malkoçun başçılıq etdiyi nümayəndə heyəti
ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev qonaqları salamlayaraq,
Azərbaycan–Türkiyə əlaqələrinin ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir
millət, iki dövlət” tezisinə əsaslandığını vurğulayıb. Fərhad Abdullayev diqqətə
çatdırıb ki, qardaş ölkələrimiz arasındakı münasibətlər Azərbaycan Prezidenti
İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri
uğurlu siyasət nəticəsində dayanmadan inkişaf edir. Ölkələrimiz arasında
qardaşlıq sarsılmazdır. Böyük geosiyasi və iqtisadi potensiala malik bu iki
ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin
edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə
yönəlib. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan münasibətlər daim
güclənir.
Qeyd olunub ki, Türkiyənin müstəqil
Azərbaycanın əzəli torpaqları və ayrılmaz parçası olan Dağlıq Qarabağ, eləcə də
işğal olunmuş digər ərazilər uğrunda erməni işğalına və təxribatına qarşı
apardığı mübarizədə dövlətimizin və xalqımızın haqq işini müdafiə etməsi, həm
də ədalətin qələbə çalmasına dəstək verməsi əsl qardaşlıq göstəricisidir.
Diqqətə çatdırılıb ki, Ermənistan
ordusunun sentyabrın 27-də beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan
Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində
mülki şəxslər və əsgərlər arasında ölən və yaralananlar olub. Buna cavab olaraq
Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Təcavüzkar Ermənistan
Respublikasının silahlı qüvvələrinin uzun illərdir işğal altında saxladıqları
Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı
genişmiqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən
uğrunda mübarizəyə qalxmasını zəruri etdi və Qarabağ savaşının yeni həlledici
mərhələsinin başlanmasına təkan verdi. Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə ordumuzun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi
və əks-hücuma keçərək Ermənistan ordusuna sarsıdıcı zərbələr endirməsi
xalqımızın qələbə əzmini nümayiş etdirir.
Fərhad Abdullayev görüşdə
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket hücumlarından da danışıb.
Bildirib ki, oktyabrın 11-i və 17-si gecə saatlarında düşmənin silahlı
qüvvələri öz çirkin əməllərinə əl ataraq, Azərbaycan xalqına qarşı növbəti
dəhşətli və insanlıqdan uzaq cinayət törədib. Ermənistan hərbçiləri raket
sistemindən istifadə edərək, Gəncədə əhalinin sıx yaşadığı ərazini gecə
saatlarında insanların yatdığı bir vaxtda raket atəşinə tutub. Dünya tarixinə
yazılacaq bu qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət
səviyyəsində terroru himayə edir. Hərbi əməliyyatların getdiyi yerdən 60
kilometr aralıda yerləşməsinə baxmayaraq, Gəncənin raket zərbələrinə məruz
qalması beynəlxalq hüququn kobud şəkildə pozulması ilə bərabər, düşmən ölkənin
çirkin məqsədlərindən xəbər verir. Ermənistanın Azərbaycana qarşı təcavüzkar
siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini
məqsədli atəşə tutması beynəlxalq hüququn fundamental normalarına, o cümlədən
beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz
öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq
olduğunu növbəti dəfə nümayiş etdirir.
Azərbaycan dövləti ərazi
bütövlüyünün bərpa olunmasına, torpaqlarının işğaldan azad edilməsinə yönəlmiş
hərbi əməliyyatı ilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icrasını
təmin edir.
Sədr Fərhad Abdullayev işğal
olunmuş torpaqlarda qeyri-legitim məhkəmələrin yaradılmasına toxunaraq, dinc
əhaliyə qarşı terror aktları törədən və zorakılıq tətbiq edən Ermənistanın
hərbi-siyasi rəhbərlərinin beynəlxalq tribunal qarşısında məsuliyyət
daşıyacaqlarına, işğal altındakı Azərbaycan ərazilərində isə Azərbaycan Respublikası
Konstitusiyasının hüquqi qüvvəsinin bərpa ediləcəyinə əmin olduğunu bildirib.
Görüşdə çıxış edən Baş Ombudsman
Şeref Malkoç Türkiyə dövlətinin bütün məsələlərdə olduğu kimi, Azərbaycanı bu
Vətən müharibəsində də dəstəklədiyini bir daha bəyan edərək iki ölkənin
dostluğunun əbədi olacağını vurğulayıb. O, 30 ilə yaxın müddətdə Azərbaycan
ərazisinin erməni işğalçıları tərəfindən zəbt edilməsinə tezliklə son
qoyulacağına və didərgin düşmüş bir milyona yaxın qaçqının dədə-baba
torpaqlarına qayıdacaqlarına ümid etdiyini və bütün beynəlxalq ictimaiyyətin
Dağlıq Qarabağı Azərbaycan torpağı kimi qəbul etdiklərini deyib. Şeref Malkoç
Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəs razılaşmasının
pozulmasını və dinc insanların məskunlaşdığı yerləri atəşə tutmasını
barbarlığın nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən ombudsman
Celile Özləm Tunçak Ermənistan Respublikası silahlı qüvvələrinin dinc əhalinin
məskunlaşdığı Gəncə şəhərini raket atəşinə tutması nəticəsində azyaşlı
uşaqların ölməsi və yaralanmasını, üç uşağın hər iki valideynini itirməsi
faktını qeyd edərək işğalçı dövlətin sülh və insanlıq əleyhinə cinayət
törətdiyini və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğunu
ifadə edib.
Görüşün sonunda Baş Ombudsman Şeref
Malkoç Ermənistan hərbi qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı
törətdikləri terror aktlarının cəzasız qalmayacağına əminliyini bildirdi və
yaxın zamanda Azərbaycanın öz ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin
olduğunu bildirib. Nümayəndə heyətinin üzvləri qonaqpərvərliyə və ətraflı
məlumata görə minnətdarlıq ediblər.
Görüşdə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak edib.