GƏNCƏ ŞƏHƏRİNDƏ ERMƏNİSTAN TƏRƏFİNDƏN TÖRƏDİLƏN TERROR AKTLARI İLƏ BAĞLI AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN BÜTÜN DÜNYA ÖLKƏLƏRİNİN KONSTİTUSİYA ƏDALƏT MÜHAKİMƏSİ ORQANLARINA MÜRACİƏTİ

News

2020 Oct

17.10.2020

GƏNCƏ ŞƏHƏRİNDƏ ERMƏNİSTAN TƏRƏFİNDƏN TÖRƏDİLƏN TERROR AKTLARI İLƏ BAĞLI AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN BÜTÜN DÜNYA ÖLKƏLƏRİNİN KONSTİTUSİYA ƏDALƏT MÜHAKİMƏSİ ORQANLARINA

 

MÜRACİƏTİ

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ərazi bütövlüyünün bərpası uğrunda işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan respublikasının silahlı qüvvələrindən azad etmək məqsədilə Azərbaycan ərazisində hərbi əməliyyatlar keçirir. 

Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində son həftələr ərzində bir sıra şəhər və yaşayış məntəqələri işğaldan azad edilmişdir.  Hərbi əməliyyatlar yalnız beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq aparılır.

Azad edilmiş ərazilərin yerli əhalisinə hər cür yardım göstərilir, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın müdafiə nazirliyinin əsir düşmüş əsgərləri ilə Cenevrə Konvensiyalarının normalarına və əlavə protokollarına uyğun davranır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini tərk etdiyini dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi qarşıdurmanın coğrafiyasını genişləndirməyə və müharibə bölgəsindən 60-100 km məsafədə yerləşən Azərbaycanın şəhərlərinə zərbələr endirməyə qərar vermişdir.

Son bir neçə gün ərzində Azərbaycanın Gəncə, Mingəçevir, Tərr, Bərdə, Ağcabədi və digər şəhər və yaşayış məntəqələrində yerləşən mülki obyektlər və yaşayış binaları Ermənistan ərazisindən raket atəşinə məruz qalmışdır.

Erməni tərəfin təcavüzü çoxsaylı mülki şəxslərin ölümü ilə nəticələnmişdir. 27 sentyabr tarixindən etibarən 17 oktyabr tarixinə qədər 60 mülki şəxs həlak olmuş, 271 nəfər yaralanmışr. Ölənlər və yaralananlar arasında qadınlar və uşaqlar var. Mülki infrastruktura ciddi ziyan dəymişdir.

Bu faktlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin mülki əhaliyə qarşı apardığı terror və faşist siyasətinin növbəti təzahürüdür.

Beynəlxalq ictimaiyyət Ermənistan hökumətinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərəkətlərinə görə beynəlxalq hüquqi məsuliyyətini müəyyənləşdirib, tədbirlər görməlidir.

Biz dünyanın bütün konstitusiya nəzarəti orqanlarınıeləcə də bütün beynəlxalq təşkilatlarını, Ermənistan hökumətinin müharibə cinayətlərini qınamağa çağırırıq.

Bəşəriyyətə qarşı yönələn bu cinayətlər haqqında məlumat dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Mütərəqqi beynəlxalq ictimaiyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin faşizm və nasizm siyasətinə açıq surətdə "YOX" deməlidir.