İyunun 23-də Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə bu qurumun yeni təyin olunmuş hakimlərinin təqdim edilməsi mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov iştirak etmışlər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açaraq bu günün rəhbərlik etdiyi qurumun həyatında əlamətdar hadisə kimi yadda qalacağını söyləmişdir. Bildirilmişdir ki, iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Konstitusiya Məhkəməsinin tərkibi yeniləşmiş və Milli Məclis yeni 6 hakim təyin etmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş hakimləri Konstitusiya Məhkəməsinin kollektivinə təqdim etmişdir.
Prezident Administrasiyasının rəhbəri ölkədə gündən-günə vüsət alan hüquqi dövlət quruculuğu, demokratik proseslərin inkişafı, vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların ərizə və şikayətlərinə vaxtında və yüksək səviyyədə baxılması, ölkənin ən ali qanunu olan Konstitusiyanın müddəalarına ciddi surətdə əməl olunması və rəhbər tutulması kimi Konstitusiya Məhkəməsi Aparatının üzərinə düşən mühüm vəzifələrdən danışmış, əldə edilmiş uğurlara və eyni zamanda müəyyən nöqsanlara toxunaraq, qarşıda duran işlərdən söhbət açmış, tərkibi yeniləşmiş kollektivə bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır.
Tədbirin sonunda Fərhad Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevə məhkəməyə göstərilən daimi diqqət və qayğıya görə dərin təşəkkürünü bildirmiş, Konstitusiya Məhkəməsinin qarşısında duran vəzifələrin Konstitusiyanın aliliyi və ədalət prinsipləri əsasında yerinə yetirilməsinin zəruriliyini qeyd etmişdir.