10.08.2020
Fərhad
Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə
iclası keçirilib.
İclasda
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri
baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin
nümayəndələri - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri E.Rüstəmovun,
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru T.Piriyevin, Azərbaycan
Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin
müdiri M.Bazıqovun və mütəxəssis - Azərbaycan Banklar Assosiasiyasının
prezidenti Z.Nuriyevin yazılı mülahizələrini, işin materiallarını araşdırıb
müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə
alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun
2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun
47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul
edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər
hesab edilir.
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti
müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas)
müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu
tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.