2010-01-15 Almaniyanın Beynəlxalq Hüquq Fondu Azərbaycanın Konstitusiya Məhkəməsi ilə əməkdaşlıqda maraqlıdır

News

2010 Jan

Yanvarın 13-də Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Almaniyanın Federal Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq Fondunun direktoru Mattias Vekkerlenq ilə görüş keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsi, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzərə alınması diqqət mərkəzində saxlanır. 
F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, digər ölkələrlə yanaşı, Almaniyanın da bu sahədə təcrübəsinin nəzərə alındığını vurğulamışdır. Konstitusiya Məhkəməsinin 2007-ci ilin sentyabrında tam heyətlə Almaniya Federativ Respublikasına işgüzar səfərini xatırladan sədr demişdir ki, səfər çərçivəsində bu ölkənin, habelə digər Avropa ölkələrinin müvafiq təcrübəsinin öyrənilməsinə xüsusi önəm verilmişdir. Azərbaycan Konstitusiya Məhkəməsinin Ümumi Konstitusiya Məhkəmələri Avropa Konfransının üzvü olduğu, həmin təşkilat çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir. 
Almaniyanın Federal Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq Fondunun direktoru Mattias Vekkerlenq səmimi görüşə görə təşəkkürünü bildirmiş, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Azərbaycanın sürətlə inkişaf etməsinin şahidi olduğunu deyən qonaq qazanılmış uğurların Konstitusiya Məhkəməsinin nümunəsində də aşkar göründüyünü bildirmişdir. 
Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılmış, qonağı maraqlandıran suallara ətraflı cavab verilmişdir. 
Sonra almaniyalı qonaq Konstitusiya Məhkəməsində hakimlər üçün yaradılmış şəraitlə tanış olmuş, kollektivin üzvləri ilə görüşmüşdür.