28.04.2020
Fərhad Abdullayevin sədrliyi
ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi
konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda Şəki Apellyasiya Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin
bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin
və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə
edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum
edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad
edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi,
yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq
olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.