17.04.2020
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq
məhkəmə iclası keçirilib.
İclasda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici
valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada
əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Bakı
şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə
baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin
məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin
çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul
edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı
il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici
valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi və
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə
müvafiq valyuta əməliyyatına dair xüsusi nəzarət rejiminin tətbiq olunması və
valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin
müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o
cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması,
valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin
təmin edilməsi məqsədi daşıdığı üçün həmin hüquqi normalar Azərbaycan
Respublikası Konstitusiyasının 59-cu və 79-cu maddələrinin tələblərinə uyğun
hesab edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.