2018-08-31 Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Qazaxıstanda keçirilmiş beynəlxalq konfransda iştirak edib

News

2018 Aug

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti avqustun 28-dən 30-dək Qazaxıstan Respublikasının Konstitusiya Gününə həsr edilmiş “Konstitusiya: qanunun aliliyi, vətəndaş cəmiyyəti və müasir dövlət dəyərlərinin təcəssümü” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri Kayrat Maminin dəvəti ilə Astana şəhərində səfərdə olub.

Tədbirin əvvəlində Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin konfrans iştirakçılarına ünvanlanan məktubu səsləndirilib.

Konfransın praktiki hissəsində konstitusiya islahatları konstitusiya inkişafının əsası, konstitusiya ədalət mühakiməsinin təyinatı, konstitusiya şikayəti vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üçün mühüm vasitə kimi və digər məsələlərə dair çıxışlar edilib, fikir mübadiləsi aparılıb.

Tədbirdə Avropa Şurası Venesiya Komissiyasının məsul şəxsləri, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Bolqarıstan, Latviya, Belarus, Gürcüstan, Almaniya, İordaniya, Əlcəzair və digər ölkələrin Konstitusiya Məhkəmələrinin nümayəndələri və elm xadimləri iştirak ediblər.

Konfransda çıxış edən sədr Fərhad Abdullayev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi son qərarlardan danışıb, ölkəmizdə aparılmış konstitusiya-hüquq islahatlarının vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini Prezident iqamətgahında qəbul edib.

Səfər zamanı Qazaxıstan Konstitusiya Şurasının sədr və üzvləri ilə görüşlər keçirilib, hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov iştirak edib.