2009-11-13 Yaradıcısı ulu öndər Heydər Əliyev olan Azərbaycan Konstitusiyası hüquqi dövlətimizin təməl sənədidir

News

2009 Nov

Noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Konstitusiya gününə və “Hüquqi dövlətin əsasları” mövzusunda keçirilmiş hüquq olimpiadasının yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mərkəzi aparatında keçirilən mərasimi açan sədr Fərhad Abdullayev iştirakçıları Konstitusiya Günü münasibətilə təbrik etmiş, bildirmişdir ki, bu gün həm də orta məktəb şagirdləri arasında keçirilmiş və artıq ənənə halı almış hüquq olimpiadasının qalibləri mükafatlandırılacaqlar. 

Müstəqil Azərbaycanın demokratik dəyərlərə əsaslanan Əsas Qanununun qəbul olunmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayan Konstitusiya Məhkəməsinin sədri, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan Konstitusiyanın qəbulunun növbəti ildönümünün respublikamızda böyük ruh yüksəkliyi və təntənə ilə qeyd olunduğunu bildirmişdir. 

F.Abdullayev demişdir ki, 1995-ci ildə özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsi, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi istəyi ilə keçirilmiş ümumxalq səsverməsi yolu ilə öz Konstitusiyasını qəbul etmişdir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermişdir. 

Qeyd olunmuşdur ki, artıq on bir ildir fəaliyyət göstərən Konstitusiya Məhkəməsinin kollektivi isə işə başladığı ilk gündən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmış, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanmışdır. 

Qeyd edilmişdir ki, artıq 4 ildir keçirilən hüquq olimpiadası gənclərin Konstitusiyamızda təsbit edilmiş əsas müddəalar, xüsusilə insan hüquq və azadlıqlarının təmin edilməsinə aid maddələr barədə məlumatlandırılmasına, konstitusiya nəzarətinin mahiyyəti, prinsipləri, ölkəmizin qanunvericilik aktları haqqında biliklərinin artırılmasına, dövlət quruculuğu prosesində onların iştirakının fəallaşdırılmasına xidmət edir. 

Təhsil nazirinin müavini Elmar Qasımov, Konstitusiya Məhkəməsinin konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova çıxış edərək iştirakçıları Konstitusiya günü münasibətilə təbrik etmiş, Əsas Qanunun hazırlanmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini yüksək dəyərləndirmiş və qeyd etmişlər ki, müasir dövlətimizin hüquqi və siyasi təməlini qoymuş Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycan dövlətinin demokratik ənənələrə sadiqliyini təsdiq edir. 

Müvəffəqiyyətlə başa çatmış olimpiadanın əhəmiyyətini vurğulayan natiqlər hüquqi biliklərin əldə edilməsində hər bir vətəndaş üçün mühüm əhəmiyyət daşıyan tədbirə qoşulan məktəblərin şagirdlərinə uğurlar arzulamışlar. 

Sonra “Hüquqi dövlətin əsasları” mövzusunda olimpiadada I yeri tutmuş Xətai rayonu 261 nömrəli, II yerə layiq görülmüş Sabunçu rayonu 80 nömrəli və III yeri tutmuş Binəqədi rayon 182 nömrəli məktəblərin nümayəndələrinə kubok və diplomlar verilmiş, hüquqa aid kitablar hədiyyə edilmişdir. 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mərasimə yekun vurmuş, qaliblərə uğurlar arzulamışdır.