AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
Q Ə R A R I
İ. R. Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
17 iyun 2004-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçinin nümayəndələri T. Əliyeva və T. Soltanovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında vətəndaş Əliyev İslam Rza oğlunun şikayətinə əsasən Əliyeva Lalə Hamlet qızının ona qarşı bağ sahəsindən istifadə hüququnun tanınması,onun L.H.Əliyevaya və digərlərinə qarşı icarə müqaviləsinin ləğv edilməsinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin 2004-cü il 04 iyun tarixli, 8m-2/03 saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin nümayəndəsi T.Soltanovun çıxışını dinləyib, iş materiallarını müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2002-ci il 6 mart tarixli qətnaməsi ilə L.Əliyevanın Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi (BTİİB) və İ.R. Əliyevə qarşı bağ sahəsinə hüququnun tanınması və icarə müqaviləsinin onunla bağlanmasına dair iddiası təmin edilməmiş, İ. Əliyevin L.Əliyeva və qeyrilərinə qarşı bağ sahəsinə və bağ evinə L.Əliyeva ilə bağlanan icarə müqaviləsinin və özəlləşdirmənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası təmin edilmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (MİÜMK) 2002-ci il 12 iyun tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 2002-ci il 20 sentyabr tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli qərarı ilə Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının qərarı və bununla əlaqədar Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmiş, L.Əliyevanın iddiası təmin olunmuş və onun Bilgəh bağ massivindəki 231 «a» saylı bağ sahəsinə hüquqları tanınmış, BTİİB-nin üzərinə həmin bağ sahəsinə L.Əliyeva ilə icarə müqaviləsi bağlamaq, İ.Əliyev ilə olan 1991-ci il 08 yanvar tarixli, 20491 saylı icarə müqaviləsini isə ləğv etmək vəzifəsi qoyulmuşdur.
İ.Əliyev şikayətində Ali Məhkəmənin Plenumunun qərarını qanunsuz və əsassız hesab edərək, onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin Plenumu onun mülki işi üzrə Mülki Prosessual Məcəllənin (MPM) 429-cu maddəsinin tələblərini pozmuş, birinci instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürərək, iş üzrə faktiki hallara qiymət vermiş, səlahiyyəti olmadığı halda apellyasiya instansiya məhkəməsinin qətnaməsini dəyişdirmiş, nəticədə onun Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur.
İ. Əliyevin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, baxdığı bir çox konkret işlər üzrə Konstitusiya Məhkəməsinin kassasiya və əlavə kassasiya icraatında işlərə baxılmasının əsaslarına, şərtlərinə və qaydalarına dair hüquqi mövqeyi artıq formalaşmışdır.
«Ə. Ə. İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyun 2003-cü il tarixli qərarının qanunliyinin yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 12 aprel tarixli qərarında qeyd edilmişdir: «Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır.»
Əlavə kassasiya icraatı üzrə işlərin baxılması əsaslarına və qaydalarına gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi lazım bilir ki, işlərə əlavə kassasiya qaydasında baxılması mahiyyət etibarı ilə onlara kassasiya instansiyası məhkəməsində təkrar baxılması deməkdir. Kassasiya icraatının davamı kimi əlavə kassasiya qaydasında aparılan icraat özəl xüsusiyyətlərə malik olmasına baxmayaraq, onun hüdudlarından kənara çıxa bilməz.
«Aydın Həsənbala oğlu Zalovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 01 fevral 2002-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 21 may tarixli qərarına görə, birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq, kassasiya və əlavə kassasiya icraatı qaydasında işə mahiyyəti üzrə baxılmır, yəni yeni sübutlar qəbul edilmir, işin faktiki halları araşdırılmır, sübutlara hüquqi qiymət verilmir. Ümumiyyətlə, işə mahiyyəti üzrə baxıb qərar çıxarmaq o halda mümkündür ki, iş üzrə əvvəlki məhkəmə instansiyalarında araşdırılmış faktlardan başqa digər faktlar da araşdırılsın. Belə səlahiyyət isə qanunvericilikdə yalnız birinci və apellyasiya instansiya məhkəmələrinə verilmişdir.
Konstitusiya Məhkəməsinin belə mövqeyi mülki-prosessual qanunvericiliyin tələblərinə əsaslanır.
Belə ki, MPM-nin 424.1-ci maddəsinə əsasən Ali Məhkəmənin Plenumu müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.
MPM-nin 429-cu maddəsində əlavə kassasiya qaydasında işə baxan Ali Məhkəmə Plenumunun səlahiyyətləri müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, həmin maddədə və Ali Məhkəmənin Plenumunun səlahiyyətlərinə dair digər normalarda Ali Məhkəmənin Plenumuna ümumiyyətlə faktların müəyyən edilməsi ilə işin mahiyyəti üzrə qərar qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır.
Prosessual qanunvericilikdə Ali Məhkəmənin Plenumuna kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək hüququ verilmişdir (MPM-nin 429.0.2-ci maddəsi).
Bununla bağlı Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən A.Zalovun işi üzrə qeyd etmişdir ki, əlavə kassasiya qaydasında icraatın hüquqi təbiəti baxımından bu icraat çərçivəsində kassasiya məhkəməsinin qərarlarına dəyişiklik edilməsi işin mahiyyəti ilə bağlı olmayan halları əhatə etməlidir. Belə ki, işin mahiyyətinə nüfuz etməklə kassasiya instansiyası məhkəməsinin qərarında dəyişiklik edilməsi Ali Məhkəmənin Plenumunun müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxılması vəzifəsi ilə üst-üstə düşmür. Ali Məhkəmənin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarına yalnız əvvəlki məhkəmə instansiyalarında müəyyən edilmiş işin hallarından çıxış etməklə dəyişiklik edə bilər. Ali Məhkəmənin Plenumu əvvəlki məhkəmə instansiyalarında müəyyən edilməmiş işin mahiyyətinə dair hallara istinadla kassasiya məhkəməsinin qərarına dəyişiklik etmək səlahiyyətinə malik deyildir.
İ.Əliyevin işi üzrə isə Ali Məhkəmənin Plenumu qanunun göstərilən tələblərinə zidd olaraq və qanunvericiliklə müəyyən edilmiş səlahiyyət dairəsindən kənara çıxaraq birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələrində istifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinadən mahiyyət etibari ilə yeni qərar qəbul etmişdir.
Bundan başqa, MPM-nin 429-cu maddəsinin tələblərinə zidd olaraq Ali Məhkəmənin Plenumuna yalnız kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək hüququ verildiyi halda, Ali Məhkəmənin Plenumu mübahisəli iş üzrə həmçinin Apellyasiya Məhkəməsinin qətnaməsini də dəyişdirmişdir.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, mübahisəli iş üzrə Ali Məhkəmənin Plenumunun qərarı MPM-nin 424.1 və 429-cu maddələrinin tələbləri ilə ziddiyət təşkil edir. Belə ziddiyət öz növbəsində ərizəçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən və qanunla müəyyən edilmiş prosedurlar üzrə həyata keçirilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.
Azərbaycan Respublikası Konstitusiyasın 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Əliyeva Lalə Hamlet qızının Əliyev İslam Rza oğluna qarşı bağ sahəsindən istifadə hüququnun tanınması, Əliyev İslam Rza oğlunun Əliyeva Lalə Hamlet qızına və digərlərinə qarşı icarə müqaviləsinin ləğv edilməsinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Mülki-Prosessual Məcəlləsinin 424.1 və 429-cu maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin və işə Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən Fərhad Abdullayev