Decisions

22.01.01 2001-ci il yanvarın 7-də bəzi seçki dairələri üzrə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının təkrar seçkilərinin nəticələrinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

2001-ci il yanvarın 7-də bəzi seçki dairələri üzrə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının təkrar seçkilərinin nəticələrinə dair

22 yanvar 2001-ci il                                                                                             Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), ha­kim­lər: F.Babayev (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, S.Salmanova, Ə.Sul­tanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov, sədr müavini S.Qasımova, katibləri İ.Abbasov, Q.Həsənquliyev, üzvləri V.Əsədov, Y.Hüseynov, E.Qurbanov, R.Məhərrəmov, S.Məmmədov, İ.Nəsirov, N.Paşayev, M.Səlimzadə və A.Tağıyevin,

mütəxəssislər, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əmək­daşları H.Hüseynova və U.Həmidovanın iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu mad­də­sinin V hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə birmandatlı on bir seçki dairələri üzrə 2001-ci ilin yanvarın 7-də keçirilmiş təkrar seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.

Hakim F.Babayevin məruzəsini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun çıxışını, mütəxəssis H.Hüseynovanın arayışını dinləyib, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N   E T D İ:

Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə uyğun olaraq 2000-ci il noyabrın 5-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2000-ci il 6 noyabr tarixli 42/172 saylı, 2000-ci il 8 noyabr tarixli 43/172 saylı, 2000-ci il 9 noyabr tarixli 44/173 saylı və 2000-ci il 13 noyabr tarixli 46/175 saylı qərarları ilə müvafiq olaraq 10 saylı Xətai ikinci, 38 saylı Sumqayıt birinci, 51 saylı Ağsu-Kürdəmir və 68 saylı İmişli seçki dairələrində səsvermənin nəticələri etibarsız sayılmışdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2000-ci il 22 noyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinə 2000-ci il noyabrın 5-də keçirilmiş 7 saylı Yasamal ikinci, 9 saylı Xətai birinci, 53 saylı Astara, 56 saylı Bərdə, 65 saylı Qusar, 94 saylı Hacıqabul – Salyan, 99 saylı Şəmkir şəhər seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilməmişdir.

«Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq «Azərbaycan Respublika­sı­nın Milli Məclisinə bəzi seçki dairələri üzrə təkrar seçkilərin təyin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2000-ci il tarixli sərəncamına əsasən 7 saylı Yasamal ikinci, 9 saylı Xətai birinci, 10 saylı Xətai ikinci, 38 saylı Sumqayıt birinci, 51 saylı Ağsu – Kürdəmir, 53 saylı Astara, 56 saylı Bərdə, 65 saylı Qusar, 68 saylı İmişli, 94 saylı Hacıqabul – Salyan, 99 saylı Şəmkir şəhər seçki dairələri üzrə 2001-ci il yanvarın 7-də Azərbaycan Respublikası Milli Məclisinə təkrar seçkilər keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə, «Azərbaycan Res­publikasının Milli Məclisinə Seçkilər haqqında» Azərbaycan Respublikası Qanu­nu­nun 75-ci maddənin 2-ci bəndində əsasən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2001-ci il yanvarın 17-də yuxarıda adı çəkilən on bir dairənin seçki komissiyalarının 1 saylı protokollarını və onlara əlavə edilən sənədləri Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məh­kəməsinə göndərilmişdir.

Konstitusiya işinə keçirilmiş təkrar seçkilərin nəticələri ilə bağlı verilmiş ərizə və şikayətlərə baxılması haqqında Azərbaycan Respublikası Apellyasiya Məhkə­mə­si­nin 2001-ci il 22 yanvar tarixli 5d- 05/2001 saylı məktubu, rayon (şəhər) məhkəmələrində təkrar seçkilərin nəticələri ilə bağlı verilmiş şikayətlərə baxılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2001-ci il 19 yanvar tarixli 1/4-119 saylı məktubu əlavə edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyü­nü qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. «Azərbaycan Respublikasının Milli Məclisinə seç­kilər haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə görə Azər­baycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq mütəxəssisləri cəlb etməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş birmandatlı dairə seçki komissiyalarının 1 saylı protokollarının (bu qanuna uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) bu Qanuna uyğunluğunu yoxlayır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilmiş sənəd­lərdən görünür ki, göstərilən on bir seçki dairəsində 2001-ci il yanvarın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər keçirilmiş, seçkilər baş tutmuş hesab edilmiş və hər bir seçki dairəsi üzrə deputat seçilmiş namizəd müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azər­bay­can Respublikasının Apellyasiya Məhkəməsinə təkrar seçkilərlə bağlı şikayətlərə baxılmanın yekunlarına dair sorğular göndərmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2001-ci il 19 yanvar tarixli 1/4-119 saylı məktubundan məlum olur ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələri üzrə cəmi bir iddia ərizəsinə baxılmışdır. Həmin iddia ərizəsi 9 saylı Xətai dairə seçki komissiyasının qərarından Bakı Şəhər Xətai Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə 2001-ci il 17 yanvar tarixli qətnaməsi ilə iddia ərizəsini təmin etmədən saxlamışdır.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2001-ci il 22 yanvar tarixli 5d-05/2001 saylı məktubundan görünür ki, həmin məhkəmə tərəfindən 10 saylı Xətai ikinci və 94 saylı Hacıqabul- Salyan seçki dairələri üzrə keçirilmiş təkrar seçkilərin nəticələri ilə bağlı müvafiq olaraq T.Q.Əliyev və İ.S.İsmayılovun iddia ərizələrinə baxılaraq və 2001-ci il 19 və 21 yanvar tarixlərdə iddia ərizələri təmin edilmədən saxlanılmışdır.

İşin materiallarında olan sənədlərin və mütəxəssislərin arayışının təhlili göstərir ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilər üzrə 7 saylı Yasamal ikinci, 9 saylı Xətai birinci, 10 saylı Xətai ikinci, 38 saylı Sumqayıt birinci, 51 saylı Ağsu-Kürdəmir, 53 saylı Astara, 56 saylı Bərdə, 65 saylı Qusar, 68 saylı İmişli, 94 saylı Hacıqabul-Salyan, 99 saylı Şəmkir şəhər seçki dairələrində tərtib edilmiş 1 saylı protokollar «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununa uyğundur.

Göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinin və 130-cu maddəsinin V hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbay­can Respublikası Qanununun 72, 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A   A L D I:

1. 2001-ci ilin yanvarın 7-də

7 saylı Yasamal ikinci

9 saylı Xətai birinci

10 saylı Xətai ikinci

38 saylı Sumqayıt birinci

51 saylı Ağsu-Kürdəmir

53 saylı Astara

56 saylı Bərdə

65 saylı Qusar

68 saylı İmişli

94 saylı Hacıqabul-Salyan

99 saylı Şəmkir şəhər

seçki dairələri üzrə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının təkrar seçkilərinin müvafiq dairə seçki komissiyaları tərəfindən müəyyənləşdirilmiş nəticələri təsdiq edilsin.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində dərc edilsin.

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç bir or­qan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.  

Sədrlik edən                                                                                    Xanlar Hacıyev