AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
A.Əliyevin və “Caspian Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
11 iyun 2019-cu il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov, Rafael Qvaladze və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
ərizəçilər Allahverən Əliyevin vəkili Vüsal Kişiyevin və “Caspian Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Habil İsgəndərovun,
ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Allahverən Əliyevin və “Caspian Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçilərin vəkillərinin çıxışlarını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“Aran Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Aran Qala” MMC) ilə “Caspian Service” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Caspian Service” MMC) arasında bağlanmış 1 aprel 2004-cü il tarixli icarə müqaviləsinə əsasən Beyləqan rayonu Allahyarlı kəndində yerləşən kərpic zavodu 1 may 2004-cü il tarixindən 3 il müddətinə aylıq icarə haqqı 17.000 ABŞ dolları olmaqla sonuncuya icarəyə verilmişdir.
28 fevral 2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən “Aran Qala” MMC-nin təsisçisi Ə.Hüseynov MMC-nin nizamnamə kapitalındakı 100% payını “Caspian Service” MMC-nin təsisçisi A.Əliyevə satmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2009-cu il tarixli qətnaməsi ilə həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.
Sonradan “Aran Qala” MMC “Caspian Service” MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 2.040.000 ABŞ dolları məbləğində icarə haqqı borcunun cavabdehdən tutulması və icarəyə verilmiş zavodun geri qaytarılmasını xahiş etmişdir.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 avqust 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mübahisəli kərpic zavodunun “Caspian Service” MMC-dən alınaraq icarəyə verən “Aran Qala” MMC-yə təhvil verilməsi qət edilmiş, icarə haqqının ödənilməsi tələbi isə təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə “Aran Qala” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Inzibati-İqtisadi Kollegiyası) 15 mart 2016-cı il tarixli qərarı ilə “Aran Qala” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Beləliklə, tərəflər arasında mübahisəli kərpic zavodu ilə bağlı qeyd olunan məhkəmə çəkişməsi yalnız həmin zavodun mülkiyyətçinin sahibliyinə qaytarılmasının təmin edilməsi, icarə haqqının ödənilməsi tələbinin rədd edilməsi ilə nəticələnmiş, məhkəmə aktı icra olunmamışdır.
Həmçinin iş materiallarından görünür ki, A.Əliyev cavabdeh “Aran Qala” MMC-yə, 3-cü şəxs Beyləqan rayon İcra şöbəsinə qarşı 1 yanvar 2008-ci il tarixindən 2015-ci ilin iyun ayına kimi, sonrakı ödənilmiş aylar da nəzərə alınmaqla zavodun mühafizəsi üçün 48.855 manat əmək haqqı kimi verilmiş vəsaitin ona qaytarılması barədə iddia qaldırmışdır. Beyləqan Rayon Məhkəməsinin 2 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Daha sonra “Aran Qala” MMC yenidən “Caspian Service” MMC-yə qarşı kərpic zavodunun qanunsuz sahiblikdə və istifadədə saxlanıldığı 1 may 2007-ci ildən 1 may 2017-ci ilədək olan dövr üçün dəymiş ziyana görə 2.040.000 ABŞ dolları məbləğində pulun və zavodun bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi üçün 450.000 manat pulun cavabdehdən tutulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
İş üzrə məhkəmə icraatı zamanı “Caspian Service” MMC-nin təsisçisi A.Əliyev cavabdeh tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə “Aran Qala” MMC-nin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2017-ci il tarixli qətnaməsi ilə “Caspian Service” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarı ilə “Aran Qala” MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, “Caspian Service” MMC-dən onun təsisçisi olan A.Əliyevin vəsaiti hesabına 391.000 ABŞ dolları və 450.000 manat məbləğində pul vəsaitinin “Aran Qala” MMC-nin xeyrinə tutulması qərara alınmışdır.
A.Əliyev və “Caspian Service” MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ayrı-ayrı şikayətlərlə müraciət edərək Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər.
Şikayətlər onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 52 və 87-ci maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, həmin Məcəllənin 705-ci maddəsi tətbiq edilməli olmadığı halda tətbiq edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 57 və 82.3-cü maddələrinin tələblərinə əməl olunmamış və həmin Məcəllənin 416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə ərizəçilərin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində, 59-cu maddəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın.
Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2007-ci il 13 fevral tarixli Qərarında qanuni qüvvəyə minmiş məhkəmə aktlarına dair hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onun həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.
Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətə baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol verilməməsini ehtiva edir.
Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ci il 18 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, hüququn aliliyinin fundamental əlamətlərindən biri olan hüquqi müəyyənlik prinsipi baxımından daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları mübahisələndirilməməlidir.
Mülki Prosessual Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).
İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, “Aran Qala” MMC-nin “Caspian Service” MMC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair işə baxarkən kassasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2016-cı il tarixli qərarının 2.040.000 ABŞ dolları məbləğində icarə haqqının tutulmasının təmin edilməməsi hissəsində preyudisiallığını nəzərə alaraq iddianı 2007-ci ildən 2014-cü ilədək müddətdə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində təmin etməmişdir. Həmçinin məhkəmə belə qərara gəlmişdir ki, mübahisəli kərpic zavodu 2014-cü ilin may ayından 2016-cı ilin mart ayına qədər, yəni 23 ay ərzində iddiaçının sərəncamında olmamışdır. Bu səbəbdən məhkəmə həmin dövr üçün 391.000 ABŞ dolları məbləğində pulun (aylıq 17.000 ABŞ dolları olmaqla) tutulmalı olması qənaətinə gəlmişdir. Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası belə qənaətə gələrkən tərəflər arasında olan mübahisəli zavodun mühafizəsi üçün əmək haqqı kimi verilən vəsaitin geri qaytarılması tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qərarı ilə mübahisəli kərpic zavodunun 2008-ci ildən 2015-ci ilin iyun ayınadək A.Əliyevin istifadəsində olmadığı, ondan hər hansı fayda əldə etmədiyi, həmin əmlakın həbsdə olması səbəbindən, sadəcə icra məmurunun tapşırığı əsasında əmlakın mühafizəsini həyata keçirdiyi faktının müəyyən edildiyini nəzərə almamışdır.
Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının preyudisiallığını nəzərə almayaraq Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin, eləcə də həmin maddə ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarlarında əks olunmuş hüquqi mövqeləri ilə uzlaşmayan qərar qəbul etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hazırkı mübahisə ilə bağlı həmçinin Mülki Məcəllənin hüquqi şəxsin və onun təsisçisinin öhdəlikləri ilə bağlı bir sıra normalarının açıqlanmasını zəruri hesab edir.
Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
Təşkilati-hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyət adlanan kommersiya hüquqi şəxsləri sahibkarlıq hüququnun həyata keçirilməsi baxımından mülki dövriyyədə xüsusi yer tutur. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır (Mülki Məcəllənin 87-ci maddəsi).
Lakin hazırk iş üzrə birinci instansiya və apellyasiya instansiyası məhkəmələri iddia tələbinin təmin edilməsinə dair qəbul etdikləri məhkəmə aktlarında tələb olunan pulun cavabdeh “Caspian Service” MMC-dən tutulmasını qət etsələr də, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən dəyişdirərək pul vəsaitinin “Caspian Service” MMC-dən onun təsisçisi olan A.Əliyevin vəsaəti hesabına tutulmasını qərara almışdır.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Mülki Məcəllənin 52 və 87-ci maddələrinin tələblərinə zidd olaraq, mövqeyini əsaslandırmadan məsuliyyətin hüquqi şəxsin təsisçisinin üzərinə qoyulması ilə nəticələnən qərar qəbul etmişdir. Halbuki, Mülki Məcəllənin 52 və 87-ci maddələrinin məzmununda məhdud məsuliyyətli cəmiyyətin təsisçisi ilə cəmiyyət arasında öhdəliklərə görə məsuliyyətin hədləri dəqiq müəyyən edilmiş, hüquqi şəxsin təsisçinin öhdəliyinə, təsisçinin isə hüquqi şəxsin (nizamnamə payına qoyulmuş maya həddindən artıq) öhdəliyinə görə məsuliyyət daşımadığı birmənalı göstərilmişdir.
Həmçinin kassasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən Mülki Prosessual Məcəllənin bir sıra normalarının da tələblərini pozmuşdur. Belə ki, Məcəllənin 50-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
Mülki Prosessual Məcəllənin 57-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.
İstinad olunan prosessual normaların tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin üzərinə hər hansı bir vəzifə qoyulması və ya üçüncü şəxsin digərlərindən tələb etmək hüququ qanunla nəzərdə tutulmamışdır. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər prosesin tərəfi olmadığından onların üzərinə iddiadan irəli gələn vəzifələr qoyula bilməz.
İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, “Caspian Service” MMC-nin təsisçilərindən olan A.Əliyev iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə cəlb olunmuşdur. A.Əliyevə qarşı iddiaçı tərəfindən hər hansı tələb irəli sürülmədiyi halda kassasiya instansiyası məhkəməsi təsisçisi olduğu hüquqi şəxsə yönəlmiş tələbin onun vəsaiti hesabına ödənilməsinə dair qərar qəbul etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, Mülki Prosessual Məcəllədə kassasiya instansiyası məhkəməsinin öz təşəbbüsü ilə məhkəmə aktlarının mübahisələndirilməyən hissəsinin qanuniliyinin yoxlanılması səlahiyyəti nəzərdə tutulmamışdır. Bu baxımdan, kassasiya məhkəməsinin öz təşəbbüsü ilə qərarı mübahisələndirilməyən hissədə yoxlaması Konstitusiyanın 60-cı və Mülki Prosessual Məcəllənin 4-cü maddələrindən irəli gələn dispozitivlik prinsipinə ziddir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli; S.Mahmudovanın şikayəti üzrə 2013-cü il 1 noyabr tarixli Qərarları).
Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya və kassasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında dispozitivlik və çəkişmə prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Dispozitivlik prinsipi prosesin digər əsas prinsiplərindən biri olan çəkişmə prinsipi ilə sıx əlaqədardır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının belə mövqeyi, həmçinin Mülki Prosessual Məcəllənin 416-417-ci maddələrinin tələblərindən kənara çıxma kimi qiymətləndirilməlidir.
Belə ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyət hədləri barədə Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşmış hüquqi mövqeyi ondan ibarətdir ki, kassasiya icraatının hüquqi təbiəti baxımından bu icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilməsi işin mahiyyəti ilə bağlı olmayan halları əhatə etməlidir. Kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində müəyyən edilməmiş işin mahiyyətinə dair hallara istinadla apellyasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək səlahiyyətinə malik deyildir (S.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərar).
Beləliklə, kassasiya instansiyası məhkəməsi hazırkı iş üzrə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığını, eləcə də Mülki Məcəllənin 52 və 87-ci maddələrinin tələblərini nəzərə almamış, Mülki Prosessual Məcəllənin 50 və 57-ci maddələrinin tələblərini pozaraq həmin Məcəllənin 416-417-ci maddələrində göstərilən səlahiyyət hədlərindən kənara çıxmışdır. Bunun nəticəsində Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Konstitusiyanın 60, 125 və 127-ci maddələrindən irəli gələn ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşmış hüquqi mövqeyi ilə uzlaşmayan qərar qəbul etmişdir.
Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məcəllənin 417.1.4-cü maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən iş üzrə yeni qərar qəbul edilərkən Mülki Prosessual Məcəllənin 416 və 417.1.4-cü maddələrinin tələblərinə riayət edilməmiş, nəticədə A.Əliyevin və “Caspian Service” MMC-nin Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Aran Qala” MMC-nin “Caspian Service” MMC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416 və 417.1.4-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu qərara uyğun olaraq mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Aran Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Caspian Service” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 417.1.4-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev